Strateji əhəmiyyətə malik Azərbaycan-Böyük Britaniya əlaqələri

Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi baxımından mühüm töhfə olacaq.

AZƏRTAC Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixinə və inkişaf yoluna qısa nəzər salır.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri uzunmüddətli və faydalı əməkdaşlığın əsasını qoydu

İkitərəfli əlaqələrin inkişafının əsasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu var. Ulu öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində atdığı ilk addımlardan biri də Böyük Britaniya ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Ümummilli lider Heydər Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil edib. Xüsusi vurğulamaq lazımdır ki, ulu öndərin 1994-cü ildəki səfəri, Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş və imzalanan sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə də intensiv mübadilələr həyata keçirilib və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksəksəviyyəli qarşılıqlı səfərlərdə də özünü aydın şəkildə göstərir. Azərbaycan Respublikasının dövlət başçıları Böyük Britaniyaya ümumilikdə 4 rəsmi və 7 işgüzar səfər ediblər. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər edib.

Böyük Britaniya da bir çox sahələrdə, xüsusən enerji sektorunda uzunmüddətli etibarlı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Britaniyanın sabiq Baş naziri Rişi Sunak bu il martın 14-də XI Qlobal Bakı Forumu ilə bağlı dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edib:

"Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni bağlantıların açılmasını dəstəkləməkdə davam edəcək. Böyük Britaniya və Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün Böyük Britaniya yanınızda olacaq".

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgiləyib.

Qeyd edək ki, ölkələrimiz arasında siyasi əlaqələr müxtəlif formatlarda uğurla davam etdirilir. Belə ki, 2016-cı ildən etibarən Xarici İşlər nazirlikləri arasında strateji dialoqun iclasları keçirilir. Həmçinin 1997-ci ildə Milli Məclisdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Birləşmiş Krallıq parlamentində isə 2014-cu ildə Azərbaycan üzrə parlament qrupu (All Party Parliamentary Group on Azerbaijan) təsis edilib. Bu qrupların birgə fəaliyyəti nəticəsində iki ölkənin parlament üzvləri arasında işçi əlaqələr yaradılıb, qarşılıqlı səfərlər həyata keçirilib.

Böyük Britaniyanın yüksəksəviyyəli nümayəndə heyətləri də dəfələrlə Azərbaycanda səfərdə olub. Bu səfərlər Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə yeni impuls qazandırır. Bu səfərlər arasında Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonun 2021-ci ilin fevralında ölkəmizə səfərini xüsusi qeyd etmək olar. Dövlətimizin başçısı fevralın 9-da xanım naziri qəbul edərkən dediyi sözlər ölkələrimiz arasında münasibətlərin strateji xarakterindən xəbər verir: "Bu (səfər - red.) bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərini və əlbəttə ki, əməkdaşlığımızı davam etdirmək üçün gələcək planlarımızı əks etdirir. Çox yaxşı siyasi təmaslarımız, çox fəal siyasi dialoqumuz var. Sizin Azərbaycana səfəriniz bunu bir daha nümayiş etdirir".

Siyasi münasibətlərin yüksək səviyyədə olması uzunmüddətli uğurlu iqtisadi əməkdaşlığın əsasını təşkil edir

İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Bu ölkə 2023-cü ilin sonunadək Azərbaycan iqtisadiyyatına ümumilikdə 83 milyard dollar sərmayə qoyub. 2023-cü ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 790 milyon dollardan çox olub. Cari ilin yanvar-may aylarında isə ticarət dövriyyəsinin həcmi 140 milyon ABŞ dollarından artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çoxdur.

İqtisadi əməkdaşlığımızın uzun tarixi kökləri var. Hələ XIX əsrin sonu-XX əsrin ilk illərində ingilis şirkətləri Bakının neft müəssisələrinə böyük həcmdə kapital yatırıb. 1904-cü ildə Böyük Britaniya ağ neftə tələbatının 47 faizini Bakı nefti hesabına ödəyib. 2016-cı ilin aprelində Baronessa Emma Nikolson Baş nazirin Azərbaycan, Türkmənistan və İraq üzrə ticarət elçisi təyin edilib. Həmin vaxtdan E.Nikolson ölkəmizə bir sıra səfərlər edib, həmçinin iqtisadi sahədə əməkdaşlığın genişlənməsi məqsədilə ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər və mütəxəssislərinin Britaniyaya səfərlərini təşkil edib. 2021-ci ilin mayında təsis edilən Britaniya-Azərbaycan Ticarət və Sənaye Palatası 2022-ci ildə fəaliyyətə başlayıb.

Ölkələrimizin iqtisadi əlaqələrində neft-qaz sahəsində əməkdaşlıq mühüm yer tutur. bp Azərbaycanın neft-qaz sektorunda çalışan əsas Britaniya şirkətidir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. bp "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin operatoru, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin komponentləri olan Cənubi Qafqaz boru kəmərinin, TANAP, TAP kimi irimiqyaslı layihələrin əsas sərmayədarlarından biridir. bp Azərbaycanda ən böyük xarici investordur. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandığı vaxtdan etibarən SOCAR və bp arasında enerji sahəsində uğurlu əməkdaşlıq qurulub və 2017-ci il sentyabrın 14-də SOCAR və bp arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni saziş imzalanıb. Sazişin imzalanması Azərbaycan-Britaniya əməkdaşlığında növbəti tarixi hadisədir. Bu saziş ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və faydalı investisiya layihələrinin uğurlu təzahürüdür.

Bundan başqa, 2018-ci il aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində bp ilə SOCAR arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənilməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb.

İki ölkə arasında şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahəsində əməkdaşlıq inkişaf etməkdədir. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə qarşı tərəfin müvafiq qurumu arasında "ağıllı binalar, ağıllı şəhər və ağıllı kənd" və "şəhər inkişafının planlaşdırılması, şəhərsalma və tikinti layihələrinin tətbiqi" sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Azərbaycanda 500-dən çox Birləşmiş Krallıq investisiyalı kommersiya qurumu fəaliyyət göstərir. Bu rəqəm iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin mühüm göstəricisidir. Mühüm istiqamətlərdən biri də odur ki, Britaniya şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpası, o cümlədən minalardan təmizlənməsi işində iştirak üçün maraq göstərir. Britaniyanın "Chapman Taylor LLP" şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi qanlı faciələr nəticəsində həyatını itirmiş sakinlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gəncə Memorial Kompleksinin yaradılması barədə tapşırıq verilib. Həmin kompleksin layihəsi "Chapman Taylor" şirkəti tərəfindən hazırlanıb.

Ölkələrimiz arasında alternativ enerji sahəsində də uğurlu əməkdaşlıq qurulub. 2018-ci ildə Energetika Nazirliyi ilə bp şirkəti arasında "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. 2021-ci il mayın 20-də "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bərpaolunan enerji, aşağıkarbonlu texnologiyalar, hidrogen enerjisindən istifadə üzrə BB təcrübəsinin öyrənilməsi, eləcə də bu sahədə kadr potensialının gücləndirilməsi məqsədilə Energetika Nazirliyi və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq çərçivəsində çoxsaylı təlim və seminarlar keçirilməkdədir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində də səmərəli əməkdaşlıq həyata keçirilir. İki ölkə arasında avtomobil nəqliyyatı ilə az həcmdə beynəlxalq yük daşımaları həyata keçirilir. Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib.

Təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar ikitərəfli əlaqələrdə mühüm yer tutur

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir. 1994-cü il fevralın 23-də "Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması ilə ölkələrimiz arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın təməli qoyulub. Britaniya tərəfindən bu sahədə əməkdaşlıq Britaniya Şurası (British Council) vasitəsilə həyata keçirilir. Ötən dövrdə minlərlə azərbaycanlı tələbə, müəllim, alim və tədqiqatçı Britaniyada təhsil almış və ya müxtəlif layihələri həyata keçiriblər. Ümumilikdə, Azərbaycanın Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə Britaniya Şurası arasında əməkdaşlıq mövcuddur.

Hər il yüzlərlə azərbaycanlı gənc Böyük Britaniya universitetlərində təhsil almağa yollanır. Birləşmiş Krallıq azərbaycanlıların təhsil almaq üçün ən çox üz tutduğu üçüncü ölkədir.

2013-cü ildən etibarən Oksford Universitetində Nizami Gəncəvi adına Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Universitetin kitabxanalarından biri Nizami Gəncəvinin adını daşıyır. Hər il Bakıda və Londonda çoxlu sayda mədəni tədbirlər keçirilir.

Azərbaycanı və Qafqazı tədqiq edən Böyük Britaniya Fondunun dəstəyi ilə Azərbaycanın, Qafqazın və Orta Asiyanın tarixi, dilləri və mədəniyyətlərinin öyrənilməsi üçün 2018-ci il mayın 23-də Oksfordda Mərkəz açılıb. Fondu Kanslerin Xeyriyyəçilər Komitəsində Fondun Qəyyumlar Şurasının sədri professor Nərgiz Paşayeva təmsil edir.

Azərbaycan və Cənubi Qafqaz regionunda ilk layihə olan ingilis dilində idman jurnalistikası üzrə magistr proqramı icra edilir. Britaniyanın Hallam Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqrama tanınmış britaniyalı jurnalist Den Mayson (Dan Mason) rəhbərlik edir. Proqram idmanın müxtəlif sahələri üçün ən müasir təhsil proqramlarının tətbiqi yolu ilə jurnalistlərin hazırlanmasını ehtiva edir.

2019-ci il mayın 22-də Böyük Britaniya Parlamentinin Lordlar Palatasının deputatı, Leyboristlər Partiyasından Azərbaycanın dostları qrupunun sədri Lord Devid Evansa məxsus "Senate Publishing" nəşriyyat evinin SOCAR-la əməkdaşlıq çərçivəsində nəşr etdirdiyi "Azərbaycan və Böyük Britaniya - 100 illik tərəfdaşlıq" adlı kitabın təqdimat mərasimi keçirilib.

2023-cü il mayın 26-da Böyük Britaniyanın tarixi Viktoriya və Albert Muzeyinin "Rafael" qalereyasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyası Londonda ənənəvi olaraq keçirilən "Royal Windsor Horse Show" atçılıq şousunda fəal çıxış edir. 2022-ci il mayın 12-15-də Londonda keçirilmiş "Royal Windsor Horse Show" atçılıq şousunda Federasiyanın təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin "Süvarilər" atlılar dəstəsi "Land of Fire - Azerbaijan" adlı xüsusi proqramla çıxış ediblər. Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Kraliça II Elizabet ilə görüşüb və Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olan "Şöhrət" adlı Qarabağ atını Kraliçaya təqdim edib. Həmçinin Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı "Alxan" adlı Qarabağ və "Qalxan" adlı Dilbaz atlarının heykəlləri də Kraliçaya hədiyyə olunub.

Beləliklə, Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir.

0.096291065216064