"Bu, əslində böyük bir layihənin başlanğıcıdır".
Bu məlumatı hakimiyyet.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova verib.
O, qeyd edib ki, sakinlərin narahatlığını başa düşürəm və qeyd etmək istəyirəm ki, Mədəniyyət Nazirliyi tərəfindən prosesə mütəxəssislər cəlb olunub.
"Əslində bu, böyük bir layihənin başlanğıcıdır. Qara Qarayevin abidəsinin heykəl və plint hissəsi sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmişdi. Ona görə restavrasiya işlərinə başlanılıb. Yenilənmə üçün müəyyən yumşaq cilalanma aparılır. Qeyd edək ki, bu, ilk restavrasiya deyil, bundan öncə M.Ə.Sabirin heykəli ilə bağlı çox professional restavrasiya işləri aparılıb. Bu proseslər özəl şirkət və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Mədəniyyət Nazirliyi tərəfindən işə mütəxəssislər cəlb edilib.
Bu mütəxəssislərin içərisində sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanda çox nadir sənət növlərindən olan heykəltaraş-bərpaçı Fərman Qasımov və heykəltaraş Orxan Nəbizadə də var. Onların rəyi əsasında bu bərpa işi aparılır. Sözügedən videogörüntüdəki proses isə yumşaq üsullu cilalamadır", - deyə A. Kərimova vurğulayıb.
Bakı şəhərində hansısa səbəbdən heykəlləri cilalayırlar.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı tanınmış memar Elçin Əliyev öz "Facebook" hesabında paylaşım edib.
Memar bunun yolverilməz olduğunu vurğulayıb.
Videonu təqdim edirik:
Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu verilib. Qurumun mətbuat xidmətindən məsələnin araşdırıldığı və məlumat veriləcəyi vurğulanıb.
Əzizə İsmayılova