Adətən köklüyə görə bədəndə toplanan piy "günahlandırılır". İnsanlar arıqlamağa başlayanda məhz onunla mübarizə aparırlar. Lakin heç də hamı piyin bədəni necə tərk etdiyini bilmir.
hakimiyyet.az-ın verdiyi məlumata görə, rusiyalı endokrinoloq Yelena Qubkina aif.ru-ya arıqlama prosesində piyin necə "buxarlanmasından" danışıb.
Onun sözlərinə görə, bədəndə piy yağ hüceyrələrində olur, onların sayı isə ömür boyu dəyişmir. Qidadan kifayət qədər enerji almadıqda, orqanizm yağ ehtiyatlarından istifadə etməyə başlayır.
"Müvafiq olaraq, insan çəki aldıqda, yağ hüceyrəsinin ölçüsü artır və əks halda azalır. Çəki azaldıqda, yağ hüceyrəsindən yağ turşuları ayrılır və nəticədə bədənimizdə onların oksidləşməsi ("parçalanması", "yanması") prosesi baş verir. Çəki azaldıqda, daha çox hərəkət etmək məsləhətdir. Nəticədə karbon qazı və su əmələ gəlir ki, onlar da müvafiq olaraq ağciyərlər və böyrəklər vasitəsilə orqanizmdən xaric olur", - deyə o bildirib.
Mütəxəssis piyin paylanması və itirilməsinin genetika, cins, yaş və fiziki aktivlik səviyyəsi də daxil olmaqla bir çox amillərdən asılı olduğunu vurğulayıb.
"Adətən kişilər əvvəlcə qarın nahiyəsində, qadınlar isə bud və sağrı nahiyəsində piyi itirirlər. Bununla belə, çox şey orqanizmin xüsusiyyətlərindən də asılıdır", - deyə o əlavə edib.
Endokrinoloqun sözlərinə görə, yağ hüceyrələri düşündüyümüz kimi arıqlayanda tamamilə yox olmur.
"Orqanizm enerji üçün yağdan istifadə etdikdə, hüceyrələr kiçilir, amma yox olmur. Bu, insanların arıqladıqdan sonra yenidən çəki yığa bilməsinin səbəblərindən biridir - yağ hüceyrələri qalır və kalori artıqlığı zamanı yenidən böyüyə bilər".
Həkim bildirib ki, insan fiziki aktivlik və balanslaşdırılmış qidalanma ilə düzgün arıqlayanda yağ itkisi əzələ kütləsinin artması ilə müşayiət oluna bilər.
"Bu ona görə baş verir ki, fiziki aktivlik əzələ liflərinin böyüməsini stimullaşdırır. Nəticədə bədən daha tonuslu olur", - deyə Qubkina sözlərini yekunlaşdırıb.