Transgender idmançıların Olimpiya yarışlarına buraxılması: Hüquqi aspektlər

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib. Qadınlar arasında keçirilən boks yarışında italiyalı idmançı Anjela Karini əlcəzairli rəqibi İmane Xeliflə döyüşməkdən imtina edib. Səbəb isə rəqibinin cinsi inkişafının fərqliliyi sindromundan əziyyət çəkməsi olub.

Angela Karini açıqlama verərək bildirib ki, burnuna dəyən ikinci yumruqdan sonra nəfəs ala bilməyib. İtaliyanın idman naziri Andrea Abodi də narazılığını ifadə edərək Olimpiya Oyunlarının ədalətli olmadığını və hormonal tənzimləmələrin düzgün aparılmadığını vurğulayıb.

Transgender idmançıların Olimpiya yarışlarına buraxılması: Hüquqi aspektlər

Transgender idmançıların Olimpiya yarışlarına buraxılması: Hüquqi aspektlər

Digər tərəfdən, Beynəlxalq Olimpiya Komitəsinin sözçüsü Mark Adams hər şeyin qaydalara uyğun olduğunu və qadın kateqoriyasında yarışan hər kəsin pasportunda cinsinin qadın olaraq qeyd edildiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycanın tanınmış idman hüquqşünasları hakimiyyet.az saytına öz fikirlərini bildiriblər.

Avropa Həndbol Arbitraj Məhkəməsinə (ECA) arbitr seçilmiş Fərid Haqverdiyev saytımıza açıqlamasında bildirib ki, bu, yeni problem deyil:

"Söhbət hiperandrogenizmdən gedir və çoxdan tanınan bir xəstəlikdir. Sözügedən idmançını səhvən transgender adlandırır və deyirlər ki, bioloji olaraq qadın doğulub, sonradan kişi olmağa çalışıb. Əslində, belə deyil.

Həm Əlcəzair Olimpiya Komitəsi, həm idmançını yaxından tanıyanlar bildirirdilər ki, İmane Xelif qız kimi doğulub. 2023-cü ildə qadınlar arasında dünya çempionatının finalına çıxan Xelif diskvalifikasiya olunmuş və səbəb kimi tibbi göstəricilər irəli sürülmüşdü. Həmçinin, bununla bağlı məlumatların birində qeyd olunurdu ki, DNT analizinin nəticələri Xelifdə XY xromosomları (kişi cinsinin xromosom dəsti - red.) aşkarlayıb. Yəni belə şəxslər qadın olaraq doğulsalar da, ola bilsin ki, xarici orqanları kişiyə mənsub olsun, yaxud da əksinə.

Beynəlxalq Olimpiya Komitəsinin qərarlarında buna cinsi inkişafın fərqliliyi diaqnozu qoyulur və onlara münasibətdə tələblər müəyyənləşir. Yəni qadın kateqoriyasında yarışan şəxslərin testosteron səviyyəsi aşağı salınmalıdır. Bu da hazırda müəyyən edilmiş qaydalara əsasən, nanomol/litrlə ölçülür - yəni səviyyə 2,5 nmol/l olmalıdır. Əgər iki il ərzində idmançı bu səviyyəyə düşürsə, o zaman idmançının yarışda iştirakına yol verilir. İdmançı turnirdə iştirak edirsə, altı ay ərzində yeni tələbə uyğunlaşdırılmalıdır. Əvvəl bu tələb beş ay idi".

İdman hüquqşünasının sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə Beynəlxalq Boks Assosiasiyası (BBA) arasında çəkişmə gedir:

"BOK sözügedən qurumu qeyri-şəffaf idarəçilikdə ittiham edir və buna görə də onu Paris-2024 tənzimləmələrindən kənarlaşdırıb. Boksla bağlı bütün tənzimləmələr hazırda BOK-un öhdəliyindədir.

BBA açıqlama verib ki, 2023-cü ildə Hindistanda keçirilən yarışda adı hallanan idmançını müsabiqədən kənarlaşdırıb. Lakin BOK bu kənarlaşdırmanı qanunsuz hesab edir. BBA-nın açıqlaması belə idi ki, tibbi və elmi baxımdan Xelifin yarışda iştirakı məqbul deyil. Təhlükəsizliyə görə belə qərar verdiklərini dilə gətirdilər. Əslində, sözügedən idmançı transgender deyil. Çünki şəxslər əməliyyatla transgender olurlar. Danışdığımız situasiyada isə qanda olan testosteron səviyyəsi müzakirə predmetidir. Uzun müddətdir ki, bununla bağlı hüquqi mübarizə gedir. İdman Arbitraj Məhkəməsi qərar verib ki, proses qanunidir və hər bir idman növü üzrə yarışlarda qaydalar tənzimlənə bilər".

İdman hüquqşünası Elcan Həsənli isə qeyd edib ki, həmin boksçu əvvəllər kişilər arasındakı yarışlarda da iştirak edib:

"O, sonradan cinsini dəyişərək qadınlar arasındakı yarışlara qatılıb. BBA onu yarışlardan uzaqlaşdırmışdı. Ancaq sonra böyük məhkəmə prosesi getdi. Testosteron səviyyəsini yoxlayandan sonra turnirlərə qatılmağa icazə verdilər. Ancaq məsələ yenidən gündəmə gəldiyi üçün İdman Arbitraj Məhkəməsində baxılacaq və yekun qərar veriləcək. Müasir dövrdə belə problemlərin sayı çox olacaq. Buna da bir hüquqi çıxış yolu tapmaq lazımdır.

Mən fərd olaraq doğru hesab etmirəm, ancaq hüquqi tərəfdən əleyhinə qərar yoxdur və müzakirə predmetidir".

Aqil Vəlili

0.065442085266113