Qarında şişkinlik problemləri: Türkiyəli mütəxəssisdən həzmi asanlaşdıran qidalanma məsləhətləri

"Həddindən artıq yemək, yeməkləri yaxşı çeynəmədən udmaq, lifli qidalardan həddindən çox qəbul etmək şişkinliyi artıra bilər".

hakimiyyet.az-ın "CNN Türk"ə istinadən xəbərinə görə, bu barədə türkiyəli qidalanma və pəhriz mütəxəssisi Çisem Gündüz danışıb.

Gündüz şişkinliyin ümumi bir problem olduğunu və çox hava udmağın da səbəblər sırasında olduğunu qeyd edib.

"Yediyimiz və içdiyimiz bütün qidalarla birlikdə havanı da uduruq, lakin sürətli yemək yeyən insanlar daha çox hava udduğu üçün bu, şişkinliyi daha da artıra bilir", - deyə o əlavə edib.

Çisem Gündüz şişkinliyin qarşısını almaq üçün qidalanma ilə bağlı bəzi məsləhətlər də verib.

Kələm, gül kələm və paxlalılar şişkinliyə səbəb olur

Yüksəklifli və həzmi çətin olan qidalar, brokkoli, gül kələm, kələm, turpkimilər, qoz-fındıq, paxlalılar daha çox şişkinliyə səbəb olur. Lifli qidalar əslində mədə-bağırsaq sağlamlığımız üçün vacib olsa da, həddindən artıq qəbul edilməməlidir.

Yemək yeyərkən oturun, az və yavaş-yavaş yeyin

Həyat tərzində dəyişiklik şişkinliyi azalda bilər. Qidalanma gündəliyi tutmaq da bu tədbirlərdən biridir. Bir neçə həftə ərzində nə yeyib-içdiyinizi və bu qidalardan sonra yaşadığınız simptomları qeyd etmək sizə və bağırsaqlarınıza yaxşı təsir etməyən qidaları tanımağa kömək edəcək. Həmçinin porsiyalara diqqət etmək və yavaş-yavaş yemək, çəngəl-qaşığı stolun üzərinə qoyub, hər loxmanı 30 dəfə çeynəməyə çalışmaq lazımdır.

Daha kiçik çəngəldən istifadə edin

Porsiyalar şişkinliyi azalda bilər. Adətən istehlak etdiyinizdən daha kiçik boşqab seçə və daha kiçik çəngəldən istifadə edə bilərsiniz. Bundan əlavə, telefon, kompüter və ya televizor ekranı açıq olan zaman yemək diqqətinizin ekrana cəmlənməsinə səbəb olur ki, nəticədə də fərqinə varmadan daha tez-tez və çox yemək yemiş ola bilirsiniz.

Mütləq idman edin

Şişkinliyin səbəblərindən biri də stres ola bilər. Müntəzəm idmanın stresin azaldılmasında effektiv olduğunu göstərən bir çox araşdırma var. Əgər müntəzəm olaraq idman etmək imkanınız yoxdursa, yeməkdən sonra 10-15 dəqiqəlik qısa gəzintilər şişkinliyin azalmasına kömək edəcək. Əgər şişkinlik problemi ilə yanaşı, çəki itirmə, mədə ağrısı, defekasiya problemləri, nəcisin qanlı olması kimi başqa əlamətlər varsa, həkimə müraciət edilməlidir.

1.3008751869202