Kasıb və istedadlı tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar

Ali məktəblərin illik təhsil haqqının artırılması ilə bağlı qərarları birmənalı olmayan fikirlərə yol açıb. Bəzi ali məktəblər müəyyən ixtisaslar üzrə qiymət artımını qismən həyata keçirmək istəyirsə, bəzilərində illik təhsil ödənişi bütün ixtisaslar üzrə qaldırılıb. Bu da tələbələr, onların valideynləri tərəfindən narazılıqla qarşılanıb.

Sual yaranır. Ali təhsilin qiymətini hansı amillər müəyyənləşdirir? Ali məktəbləri qiymət artımına sövq edən təhsilin keyfiyyətinin, yoxsa universitetin daxili xərclərinin artmasıdır?

Ekspertlərin məsələyə yanaşması fərqlidir. Digər tərəfdən, təhsil haqqının qalxması tələbələri və valideynləri, xüsusən də maddi imkanları məhdud olanları narahat etməyə bilməz.

Elm və Təhsil Nazirliyindən "qiymət artımı universitetlərin daxili işidir" deyə bildiriblər.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Təəccüblü deyil...

Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bildirib edir ki, ali məktəblərdə təhsil haqqı artımı müntəzəm baş verir və davam edəcək:

"Bu, heç də təhsilin keyfiyyəti ilə bağlı deyil. Sadəcə, təhsilverənlər görəndə ki, təhsil haqqını bir az daha artıq almaq mümkündür və alanda imkanları daha da böyüyür, o zaman bu addımı atırlar. Bu baxımdan, burada təəccüblü heç nə yoxdur. Bu, valideynlə müqavilə bağlananda da qeyd edilir. Adətən, müqavilə bir illik olur və universitetlərin növbəti tədris ilində buna yenidən baxmağa ixtiyarları var. Təhsil haqqı zaman-zaman artacaq. Çünki dünyada təhsil haqları çox yüksəkdir. Avropada, İngiltərədə, Amerikada təhsil haqlarına nəzər salsanız, rəqəmin 20-40 min arası dəyişdiyini görərsiniz. Onlarla müqayisədə bizdə təhsil haqları çox aşağıdır. Təbii ki, bu, bazara görə tənzimlənir. O ali məktəblərdə dünyanın hər yerindən oxumaq istəyənlər çox olduğuna görə onlar yüksək təhsil haqqı müyyənləşdirirlər".

Biz itiririk...

İqtisadçı ekspert Rəşad Həsənov təhsil haqlarının artmasını bütün sahələrdə qiymətlərin artmasının davamı kimi qiymətləndirib:

"Amma problem ondan ibarətdir ki, bizim kifayət qədər kadr çatışmazlığımız var. Bizim ölkə resurs ölkəsidir. "Belə bir ölkədə ali təhsil nə üçün pulludur?" sualı ortaya çıxır. Resursun istismarından toplanan vəsaitin bir qismi ali təhsilin ödənişsiz olmasına yönəldilməlidir. Məsələn, Almaniyada insanların təhsilə vəsait ayırmaq imkanları da genişdir. Amma onlarda ali təhsil haqqı yoxdur. Bizdə də diqqət hökumətin bu istiqamətdə mövqeyinin təkmilləşməsinə yönəldilməlidir. Əgər universitetə "özünü maliyyələşdirməlisən" deyilirsə, ali məktəb də müəyyən bir reytinq toplamaq üçün məcburdur ki, xaricdə təhsil alan insanları işə götürsün, digər resursları təkmilləşdirsin və sairə Belə olduğu təqdirdə universitet məcburdur ki, xərcləri vətəndaşın üzərinə yükləsin. Lap universitet qiyməti artırmasa da, biz illərdir görürük ki, nə qədər vətəndaş qəbul aldığı universitetdə təhsil haqqını ödəyə bilmir".

Türkiyədə təhsil almaq daha ucuz başa gəlir

Ekspert bizim ali məktəblərlə müqayisədə Türkiyədə təhsil almağın daha ucuz başa gəldiyini təsdiqləyib:

"Türkiyədə bir çox ali məktəblərdə təhsil haqqı rəmzidir, məsələn, 400-1000 AZN arası dəyişir. Həmçinin onlar daha asan şərtlərlə qəbul keçirir, yataqxana xidməti və s. təklif edirlər. Belə olanda gənclərin axını bu istiqamətə yönəlir. Prosesin sonunda ölkəmizdə 100 adam təhsil alacaqdısa, 80-90 adam təhsil alacaq. Yəni ümumi nəticədə biz itiririk".

Kasıb və istedadlı tələbələr üçün müxtəlif sxemlər

Kembric Universitetinin professoru Qərib Mürşüdov isə qiymət artımına görə universitetləri qınamır. Onun fikrincə, təhsil maliyyə tələb edir. Müxtəlif ölkələr bu problemi müxtəlif üsul ilə həll edirlər:

"2014-cü ildən Almaniyanın 16 ştatında təhsil pulsuzdur. Bu ştatlarda tələbələr cüzi administrasiya haqqı ödəyirlər. İngiltərə və Şotlandiyada isə sistem fərqlidir. Əksər universitetlərdə daxili tələbələr üçün təhsil haqqı 9000 funt sterlinqdən bir qədər çoxdur. Əgər tələbələrin təhsil haqqı verməyə imkanı yoxdursa, onda onlar tələbə krediti götürürlər və borcu iş tapandan və maaşları müəyyən məbləğdən çox olandan sonra ödəməyə başlayırlar".

Alim bildirib ki, ABŞ dövlət universitetlərinin təhsil haqqı özəl universitetlərlə müqayisədə aşağıdır (təqribən ildə 5 000 dollar dövlət, 20 000-50 000 dollar özəl universitetlər). Dövlət universitetləri həmin ştatdan olan tələbələr üçün daha ucuzdur. Varlı universitetlərdə kasıb və istedadlı tələbələr üçün müxtəlif sxemlər olur. Avropa İttifaqı ölkələrində və Britaniyada dövlət universitetlərinin təhsil haqqını dövlət, özəl universitetlər isə özləri tənzimləyirlər".

Keyfiyyətli təhsil külli miqdarda maliyyə tələb edir

Q.Mürşüdovun sözlərinə görə, ümumiyyətlə, ali təhsil çox az ölkələrdə pulsuzdur. Belə ki, universitetlərdə keyfiyyətli təhsil külli miqdarda maliyyə tələb edir:

"Ola bilər ki, Azərbaycanda bütün əksər universitetlərin keyfiyyətini yuxarı qaldırmaq üçün bir neçə milyard dollar lazım gəlsin. Universitet infrastrukturu, avadanlıqlar və müəllimlər heyətinin maaşları hansısa mənbədən ödənməlidir. Digər tərəfdən, maliyyə birbaşa sənayedən gəlir. Buna nail olmaq üçün iqtisadiyyat kifayət qədər inkişaf etmiş olmalıdır. Bu, həm maraqlı, həm həddən artıq çətin, həm də ölkə üçün çox vacib problemdir. Buna yanaşma ölkənin gələcəyinə yanaşma ilə birbaşa əlaqəlidir".

0.069360017776489