Ərdoğan sosial şəbəkələrdən narazılıq etdi: "Sadə cümləyə belə dərhal senzura tətbiq edirlər"

"Rəqəmsal faşizmlə qarşı-qarşıyayıq".

hakimiyyet.az-ın NTV.com.tr-yə istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı Ədalət və İnkişaf Partiyasının Ümumi Mərkəzində İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.

Sosial şəbəkə platformalarından narazılığını dilə gətirən Ərdoğan ABŞ və Avropada qaydalara riayət edilməsi ilə bağlı göstərilən həssaslığın Türkiyə ilə bağlı göstərilmədiyini bildirib.

"Arzu edilən əməkdaşlığı hələ də tam şəkildə qura bilməmişik. Türkiyənin haqlı tələbləri yerinə yetirilərsə və həssas olduğu mövzularda hörmət nümayiş etdirilərsə, məsələ onsuz da özlüyündən həll olunacaq", - deyə Türkiyə prezidenti qeyd edib.

"Sosial şəbəkə şirkətləri döyüşçüyə çevriliblər. İsraili tənqid edən sadə bir cümləyə belə dərhal senzura tətbiq etməyi özlərinə borc bilirlər. Fələstinlə bağlı paylaşımları dərhal qadağan edən və bunu da azadlıq kimi satan rəqəmsal faşizmlə qarşı-qarşıyayıq. Haniyənin şəhadəti bizə göstərdi ki, fikir və ifadə azadlığının sərhədləri Qərb ölkələrində İsrailin "kaprizləri" ilə müəyyən edilir", - deyə Ərdoğan əlavə edib.

0.038328886032104