Elektromobillər öz-özünə yana bilərmi?

Bu gün Bakıda "LEVC" markalı avtomobil həvəskarlarında müəyyən suallar yaradıb.

hakimiyyet.az xəbər verir ki, belə suallardan biri də elektrik avtomobillərinin öz-özünə yanma ehtimalının nə dərəcədə mümkün olub-olmaması ilə bağlıdır.

Məsələ ilə bağlı tanınmış avtomobil mütəxəssisi, mühəndis-layihəçi Elçin Abbasovun fikirlərini öyrəndik.

hakimiyyet.az-ın sorğusunu cavablandıran mütəxəssis elektromobillərin hansı hallarda yana biləcəyi məsələsinə aydınlıq gətirdi.

"Əvvəlcə qeyd edim ki, bu gün yanan elektrik avtomobilinin alışma səbəbi yüksək gərginliklə bağlı ola bilməz. Çünki yüksək gərginliyə görə yanmış olsa idi, avtomobili söndürməyə yanğınsöndürənlər çatdıra bilməyəcəkdilər və o, tam olaraq yanacaqdı.

Səbəb isə sadədir - elektromobillərdə yüksək gərginlik sistemi litium akkumulyatorlarıdır, onlar isə belə yanmır - partlayır, yəni partlaya-partlaya yanır. Belə hallar isə, demək olar ki, olmur.

Bu da, əlbəttə ki, səbəbsiz deyil. Səbəb odur ki, elektromobillərdə yüksək gərginlik sistemi ciddi qoruma altındadır. Bu sistemin nə mənfisi, nə də müsbəti korpusla əlaqədar olmur, davamlı, yəni onlayn olaraq bütün hallarda onun kuzovla müqaviməti yoxlanılır. Əgər müqavimətdə hər hansı çatışmazlıq olarsa, anındaca yüksək gərginlik sistemi dövrədən ayrılır və avtomobilə qoşulması olmur", - deyə E.Abbasov bildirib.

Bəs elektromobillərin hansı səbəbdən alışma ehtimalına gəlincə isə mütəxəssis vurğulayıb ki, bu, digər avtomobillərdəkindən fərqlənməyə bilər:

"Ya düzgün lampa qoşmur, ya qoruyucu qoymurlar, ya hansısa avadanlığı düzgün təmir etmirlər və nəticədə xırda qısaqapanmalar olur və s. Yəni bu hal 12 voltluq dövrədə olur. Amma 500 voltluq yüksək gərginlik dövrəsində problem bu şəkildə özünü büruzə verə bilmir, onun nəticələri tam fərqli olur".

Mütəxəssis əlavə edib ki, hələ ki Azərbaycanda elektromobillərin yüksək gərginlik batareyası ilə əlaqədar partlayış və ya yanma halları baş verməyib.

Əzizə İsmayılova

0.074812889099121