Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze kluba keçid edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında yüksək fikirlər səsləndirib.
Bu barədə hakimiyyet.az "Bild" nəşrinə istinadən xəbər verir.
46 yaşlı baş məşqçi son müqaviləsindən çox məmnun olduğunu dilə gətirib.
"Biz həqiqətən yaxşı oyunçu əldə etdik. O, bir yenilik gətirəcək. Onun təcrübəsi var və əsl kişi liqasından gəlir", - deyə o bildirib.
Klozenin sözlərinə görə, mərkəz hücumçusu, həmçinin Robin Knoçe kimi, çox gözəl xarakterə və yüksək əhvali-ruhiyyəyə malikdir.
Baş məşqçi klubun onu ilk növbədə meydandakı keyfiyyətlərinə görə dəvət etdiyini vurğulayıb. "O, çox, çox yaxşı futbolçudur, əla zərbələri var. Topla yaxşı oynaya bilir, boşluğu hiss edir, həmçinin topun arxasında yaxşı qaçır".
Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın "Nürnberq" klubu ilə müqavilə bağlayıb. 27 yaşlı hücumçu "qırmızı-qaralar"la "1+1" illik sözləşmə imzalayıb.