Yada düşən Övrəngzib və Nadir şah - İrəvandakı hindistanlı səfirin saxtakarlığı

Hindistan dünyanın mədəniyyət mərkəzlərindəndir. Bu ölkə həm də zəngin sərvətinə görə cəlbedici olub. Türklər orada əsrlər boyu hakimiyyətdə olublar. Onları ingilislər əvəz ediblər. Hindistanlılar ingilislərin ağalığına qarşı İkinci Dünya müharibəsindən sonra da mübarizə aparıblar. Onların azadlığının əsasını isə "Atlantika xartiyası" qoyub. Bu, "Antihitler koalisiyası"nın əsas proqram sənədlərindən biridir.

Bu sənəd 1941-ci il avqustun 14-də Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ABŞ prezidenti Franklin D.Ruzvelt arasında müzakirə edilib. Nyufaundlenddəki Arcentiya hərbi dəniz bazasında qəbul olunub. 1941-ci il sentyabrın 24-dən sonra SSRİ və başqa ölkələr də bu sənədə qoşulub.

"Atlantika xartiyası"nda müharibədən sonrakı dünyanın hədəfləri açıqlanıb. Müxtəlif istiqamətlərlə yanaşı, Avropa ölkələrinin müstəmləkələrinin müstəqilliyi də bu sənəddə öz əksini tapıb. Odur ki, İkinci Dünya müharibəsinin son illərində Hindistanda da Mahatma Qandinin başçılıq etdiyi milli azadlıq mübarizəsi başlayıb. 1947-ci il avqustun 15-də Hindistan müstəqillik əldə edib. Ölkə dini əsasla iki hissəyə bölünüb. Həmin tarix həm də Pakistanın Müstəqilliyi Günüdür. 1971-ci ildə isə Şərqi Pakistan ərazisinə Hindistanın qoşun yeritməsi nəticəsində Banqladeş yaranıb.

Bu ölkələr arasında Cammu və Kəşmir problemi 77 ildir, öz həllini tapmayıb. Hindistanla Pakistan arasında bu məsələnin hərb yolu ilə həllinə dair dəfələrlə cəhdlər olunub. Ancaq silahlı qarşıdurma da münaqişəni həll etməyib.

BMT Təhlükəsizlik Şurasının vasitəçiliyi ilə şimali-qərbi Kəşmir və ya Kəşmirin üçdəbir hissəsi (Azad Kəşmir) Pakistanın, qalan ərazisi isə Hindistanın nəzarəti altına düşüb.

Avqustun 14-də Pakistanın Azərbaycandakı və Hindistanın İrəvandakı səfirlikləri bayram tədbirləri keçiriblər. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin əməkdaşlıqdan, münasibətlərin inkişaf etdirilməsindən bəhs edərək sülhsevər hədəflərini açıqlayıb.

Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxa isə avqustun 14-nü "faciə" adlandırıb. Onun iddiasına əsasən, 1947-ci ildə ölkənin bölünməsi zamanı bir milyondan çox hindli ölüb. Bu hadisə ilə bağlı "Hindistanın bölünməsinin dəhşətləri" adı altında sərgi də təşkil olunub.

"Hindistanda və səfirliklərimiz olan ölkələrdə bu xatirə tədbirini artıq ikinci ildir, təşkil edirik. Holokost və "erməni soyqırımı"na oxşar bu faciəyə dair təşkil olunan sərgilərdə nümayiş etdirilən fotolar vasitəsilə Hindistanın müstəqilliyini əldə etməsinin çətinliklərindən, əzablı yollarından bəhs edirik", - səfir bildirib.

44 günlük müharibədən sonra Hindistan Ermənistanı silahlandıran ölkələrdəndir. Hindistanın ISDN agentliyinin məlumatına görə, 2024-25-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, Yeni Delhi İrəvana "Pinaka" raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd "Pinaka" batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.

Təkcə silah və hərbi texnika alveri bu iki ölkəni bir-birinə yaxınlaşdırmır. Yeni Delhi İrəvanı həm də türk və müsəlman düşmənliyinə görə də dəstəkləyir, yardım edir.

Azərbaycanla Pakistan arasında münasibətlər yüksək səviyyədədir. Cammu və Kəşmir münaqişəsinin həllində rəsmi Bakı hər zaman beynəlxalq sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasının tərəfdarı olub.

Torpaqlarını azad edərkən də Pakistan Azərbaycana dəstək verib. Hakimiyyət dəyişsə də, Ermənistan torpaqları işğal altında saxladığı illərdə rəsmi İslamabad bu ölkəni tanımayıb, onunla diplomatik münasibət qurmayıb.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Pakistan Ermənistanla əlaqələrinin yaranmasına baxa biləcəyini bildirib. Ancaq hələ ki bu istiqamətdə addım atılmayıb.

Hindistan Cənubi Qafqazda Pakistanının nüfuzunun artmasından narahat olduğu üçün başqaları kimi ona qarşı Ermənistandan istifadə etməyə çalışır. Səfirin çıxışında vurğulanan "erməni soyqırımı" da bu məqsədlə deyilmiş ifadədir.

Çünki Hindistan dövlət olaraq bu qondarma iddianı rəsmi şəkildə qəbul etməyib. Bunun əsas səbəblərindən biri Hindistanın Türkiyə ilə münasibətlərinə Ermənistana görə xələl vurmaq istəməməsidir.

Üç il əvvəl İrəvanda Mahatma Qandinin heykəli və eyniadlı parkın açılışı olub. Ancaq səfirdən fərqli olaraq, Hindistan xalqının böyük oğlu bu saxta soyqırımını qəbul etməyib. O, Birinci Dünya müharibəsi illərində Osmanlı dövlətinin zərər çəkdiyini bildirib. Mahatma Qandi müharibənin sonunda Türkiyəyə qarşı ədalətsiz rəftarı pisləmişdi. O və Hindistan Milli Konqresi heç vaxt bu iddianı qəbul etməyiblər.

Erməni saxtakarlığını qəbul etməməklə Qandi, habelə Hindistanın sonrakı dövlət başçıları özlərinə, təmsil etdikləri ölkəyə, münasibətlərə hörmət ediblər. Çünki bu kimi məsələlərdə diqqət etməmək münasibətlərə xələl gətirir.

Hindistanın Ermənistandakı səfiri Nilakşi Saxa Sinxa isə bu məsələdə antitürk və islamofob olduğunu gizlətməyib. Belə qənaətə gəlmək olar ki, xanım Nilakşi Sultan Övrəngzib-Aləmgir və Nadir şaha olan etnik hikkəsini "erməni soyqırımı" ifadəsini işlətməklə soyutmağa çalışıb. Sultan Övrəngzib 1658-1707-ci illərdə Hindistanın imperatoru olub. Hindistanın Maharaştra ştatında onun adına Övrəngabad şəhəri var. Bu Maratvada bölgəsinin inzibati paytaxtıdır. Övrəngabad sənaye, turizm mərkəzlərindəndir. Orada UNESCO tərəfindən qorunan Ajanta mağarası, Ellora mağarası və daha bir neçə tarixi abidə var.

Mirvari Məscid isə 1659-60-cı illərdə Delhidə Sultan Övrəngzib tərəfindən tikdirilib.

Nadir şah Əfşar isə 1739-cu ilin martında Karnal döyüşündə qələbə qazanaraq Delhiyə daxil olub. Bu, I Övrəngzibin ölümündən sonra Böyük Moğol imperiyasındakı çəkişmələrin aradan qaldırılmasında başlıca rollardan birini oynayıb.

Həmin dövrdə üç ən böyük türk imperiyası var idi: Səfəvi (Əfşar), Osmanlı və Moğol.

Tarixi xatırlamaqla səfir xanımın, habelə Hindistanda türk, müsəlman düşmənliyinin və Ermənistan yaxınlığının səbəbini göstərməyə çalışdıq. Bu düşmənlik Nilakşi Saxa Sinxanın simasında öz əksini alıb. Düzdür, onun dövlətinin Baş naziri Narendra Modinin islamofob olduğu çoxdan məlumdur. Ancaq o, Övrəngzib və Nadir şaha olan nifrətini "hüquqi yolla" gizlətməyə çalışır. Səfir isə Hindistan dövlətinin tanımadığı yanlışlığı Holokostla müqayisə etməklə ermənilər kimi saxtakarlıq edib.

"Report" İnformasiya Agentliyi

0.14297699928284