Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
hakimiyyet.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Çempionatın autsayderlərindən olan Gəncə təmsilçisi ilk qol və ilk xal üçün meydana çıxacaq. "Kəpəz"in stadionu təmirdə olduğundan Tovuz şəhər stadionunda keçiriləcək oyunda nominal ev sahibi olacaq. Öz meydanına qonaq qismində çıxacaq Kurban Berdıyevin yetirmələri isə liderliyi ələ keçirmək üçün qalib gəlməlidirlər.
"Sumqayıt" ikinci ev matçına çıxacaq. Samir Abasovun komandası öz meydanında növbəti qələbəsini qazanmaq niyyətindədir. Onun qonağı "Səbail" isə aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, tura sabah "Neftçi" - "Sabah" görüşü ilə yekun vurulacaq.