Azərbaycan bu gün hamı tərəfindən qəbul edilən geosiyasi vahiddir - "Kaspi"nin ŞƏRHİ

Prezident İlham Əliyevin uğurla yürütdüyü diplomatiya nəticəsində bu gün Cənubi Qafqaz hərbi-siyasi məzmunlu çəkişmə arealı deyil, iqtisadi-siyasi sağlam rəqabət arenasıdır. Rusiya Prezidenti Vladimir Putinin Bakıya həm ikitərəfli, həm də regional format baxımından uğurlu səfəri Azərbaycanın geosiyasi vahid və siyasi-iqtisadi güc olaraq qəbul edilməsinin parlaq göstəricisidir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri və onun nəticələri tək ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda, regional miqyasda və daha geniş coğrafiyada tamamilə yeni və keyfiyyətcə fərqli dövrün başlanğıcı hesab olunmalıdır. Dünyanın ən böyük ərazisinə məxsus, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan və geosiyasi qütb hesab edilən Rusiya kimi dövlətlə bərabərhüquqlu və milli maraqlara əsaslanan siyasət yürütməyi yalnız taməsaslı müstəqil dövlətlər bacara bilərlər. Bu baxımdan, Putinin Bakıya həm ikitərəfli, həm də regional format baxımından uğurlu səfəri Azərbaycanın geosiyasi vahid və siyasi-iqtisadi güc olaraq qəbul edilməsinin parlaq göstəricisidir.

Azərbaycan təsəvvür edilməyənə nail olmağı bacarıb

Prezident İlham Əliyev xarici siyasət məzmunlu çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan tam müstəqil dövlətdir və yürütdüyü kurs, getdiyi yol ilk növbədə milli mənafelərinə söykənir. Əslində, 30 illik işğala və ədalətsiz geosiyasi basqılara cəmi 44 gündə son qoyub sinə gərmək, torpaqlarını işğalçıdan geri almaq yalnız tam müstəqil dövlətlərin qaldıra biləcəyi yükdür. 2020-ci ilin 44 günlük müharibəsindən sonra izlənənlər də bu müstəqilliyin və beynəlxalq arenada tutduğumuz mövqenin ciddiliyi, əldə etdiyimiz hörmətin həqiqiliyinin təzahürüdür. Azərbaycan tək postsovet məkanında deyil, daha geniş müstəvilərdə təsəvvür edilməyənə nail olmağı bacarıb: bir tərəfdən torpaqlarını geri alıb, digər tərəfdən isə adekvat, qarşılıqlı maraqlara hesablanmış sağlam ikitərəfli münasibətlər fonunda Rusiya sülhməramlılarının, hətta vaxtından əvvəl ərazisini tərk etməsinə nail olub. Bu, beynəlxalq platformalarda yetkin imic və reputasiya, beynəlxalq hüquqa əsaslanan möhkəm mövqelər deməklə yanaşı, həm də ikitərəfli əlaqələrdə etibar və etimadın mövcudluğunu təsdiqləyən ciddi amildir.

Ərazicə o qədər də böyük ölkə olmayan, müstəqillik tarixi cəmi 30 il olan Azərbaycan bu gün hamı tərəfindən qəbul edilən geosiyasi vahiddir. Bu, sıradan sözlər deyil. Əsil müstəqil siyasət ölkəyə məxsus resurs və alətlərdən xalqın maraqları və dövlətin mənafeləri uğrunda effektiv şəkildə istifadə etmək sənətidir. Bu gün Azərbaycan bunu nəinki bacarır, eyni zamanda, digər dövlətlərə məxsus resurslardan öz xeyri naminə yararlanmağı belə mümkün sayır. Bu, artıq geosiyasi münasibətlərin keyfiyyətcə yeni mərhələsidir. Putinin Bakıya səfəri zamanı müzakirə olunan mövzular məhz buna dəlalət edir və ilkin nəticələrdən belə qənaətə gəlmək olar ki, Azərbaycan bu istiqamətdə ciddi uğurlar qazanmağın astanasındadır.

Cənubi Qafqazda iqtisadi çiçəklənmə dövrü

Prezident İlham Əliyevin uğurla yürütdüyü diplomatiya nəticəsində bu gün Cənubi Qafqaz hərbi-siyasi məzmunlu çəkişmə arealı deyil, iqtisadi-siyasi sağlam rəqabət arenasıdır. Bu reallıq tək Azərbaycan xalqı deyil, həmçinin regionda mövcud olan və yaşayan digər dövlətlər və toplumlar üçün siyasi fürsətdir. Dünyanın ən dinamik və mürəkkəb nöqtələrindən biri olan Qara dəniz-Xəzər dənizi hövzəsinin tükənməz mübarizə və konfrontasiyada olan güc mərkəzlərinin maraqlarının uzlaşdığı, yaxud uzlaşdırıldığı məkana çevrilməsi inqilabi nailiyyətdir. Söhbət nədən gedir?

Bu gün sonu görünməyən Rusiya-Ukrayna (Qərb) ziddiyyətləri fonunda Şərq-Qərb logistik dəhlizi kimi qlobal iqtisadi prosesin ən sabit ünvanı məhz Xəzər dənizi-Cənubi Qafqaz-Avropa xətti qəbul olunur. Bu dəhlizin fəaliyyət göstərməsi və genişlənməsi ilk növbədə Qərbin maraqlarına cavab verir. Ermənistanın havadarlarının mənasız və yersiz dirəşməsi fonunda Zəngəzur dəhlizi bu transmilli prosesin perspektivli budaqlarından biri qismində nəzərdən keçirilir. Bu, Qərb, Çin və Rusiyanın maraq və gözləntilərinin uzlaşdığı unikal məqamlardan biridir və tədqirəlayiqdir ki, sözügedən prosesin aparıcı qüvvəsi Azərbaycandır.

Şimal-Cənub dəhlizi həm də böyük iqtisadi dividentlər deməkdir

Bununla paralel olaraq, iri iqtisadi potensialı olan, Baltik dənizi və Şimali Avropanı Hind okeanına bağlayan Şimal-Cənub dəhlizinin də əsas arteriyasının Azərbaycan ərazisindən keçməsi həm uğurumuzdur, həm də böyük iqtisadi dividentlər deməkdir. Çünki həm Qərbdəki bəzi qüvvələrin, həm təəssüf ki, İrandakı dairələrin, həm də rəsmi İrəvanın ciddi cəhdlə bu qlobal marşrutun Azərbaycandan keçməməsi naminə əmək sərf etdikləri məlumdur. Bu qədər fərqli pressinqə rəğmən, Azərbaycanın Şimal-Cənub xəttinə də bir növ ev sahibliyi etməsi bizim Rusiya və İranla gələcək bərabərhüquqlu, sabit və etibarlı tariximizin əsasını təşkil edəcək. V.Putinin bunu Bakıda rəsmən dilə gətirməsi dövlətimizin ciddi diplomatik qazancıdır.

Bütün bunlar Qafqazın cənubunda qeyri-sabitlik və hərb məzmunlu gündəmin tarixə qovuşduğunun göstəricisidir. Azərbaycan bölgənin siyasi və iqtisadi lokomotivi kimi bu reallığın əsas aktoru rolunda çıxış edir. Regionun digər dövlətləri olan Gürcüstan və Ermənistanın qarşısında duran başlıca vəzifə yaranmış imkanlardan maksimum şəkildə istifadə etməkdir. Hələlik görünən odur ki, İrəvan son 30 ildə olduğu kimi daha bir iqtisadi qatara minməyə gecikir.

Putinin səfərində Ukrayna amili

Putinin Bakıya səfəri kontekstində ciddi müzakirələrə yol açmış mövzulardan biri də Ukrayna amilidir. Hələlik rəsmi açıqlamalar səslənməsə də, güman ki, Azərbaycan Moskva-Qərb gərginliyi reallığında Ukrayna vasitəsilə ötürülən qazın nəql edilməməsi səbəbindən bu boşluğu doldurmaq üçün ciddi imkanlara malikdir. Belə bir təklif həm Avropa İttifaqı rəsmiləri, həm də Kiyev tərəfindən səsləndirilib. Yəni təşəbbüs faktiki olaraq qarşı tərəfdən gəlib. Gürcüstan-Türkiyə-Avropa istiqamətində fəaliyyət göstərən kəmərlə qazını Qərbə ixrac edən Azərbaycan üçün bu, cəlbedici və reallaşdırılması mümkün olan təşəbbüsdür. Bunun üçün Bakının bütün tələb olunan resurs və imkanları mövcuddur. Ən əsası siyasi alətlər və iradəyə malikik.

Bu baxımdan, daha bir məqam diqqəti cəlb edir: Azərbaycan Ukrayna ilə Rusiya arasındakı qarşıdurmanın səngiməsi üçün əlverişli moderator qismində çıxış edə bilər. Bunun üçün tələb olunan faktorlar yetərincədir. Əvvəla, rəsmi Bakının həm Moskva, həm də Kiyevlə müsbət dinamikalı siyasi münasibətləri mövcuddur. Söhbət ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycan Prezidentin həm rusiyalı, həm də ukraynalı həmkarları ilə pozitiv işgüzar əlaqələrə malik olmasından gedir. Hər iki ölkənin dövlət başçıları Azərbaycan liderinə etibar edir və həlledici anda bu etimada əsaslana bilərlər.

Bununla yanaşı, Azərbaycanın bir dövlət olaraq beynəlxalq münasibətlərdəki mövqeyi müstəqil və tərəfsiz vasitəçi qismində çıxış etməsinə imkan verir. Azərbaycan özünün müstəqil siyasəti ilə tanınır və müəllifi olduğu bütün təşəbbüsləri sonadək uğurla başa çatdırır. İstisna etmək olmaz ki, Putinin Bakıya səfəri ərzində bu kimi mövzular da müzakirə obyekti olub.

0.081878185272217