AFFA "Araz-Naxçıvan", "Neftçi", "Sabah", "Zirə" və "Sumqayıt"ı cəzalandırıb

AFFA (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası) "Araz-Naxçıvan", "Neftçi", "Sabah", "Zirə" və "Sumqayıt"ı IV turda baş verən qayda pozuntularına görə cəzalandırıb.

hakimiyyet.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın IV turunun "Səbail" - "Kəpəz" oyunu bitdikdən sonra "Kəpəz" klubunun analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə iki oyun şərti olmaqla 5 oyun cəzalanıb, "Kəpəz" klubu 4000 manat cərimə olunub;.

"Araz-Naxçıvan" - "Neftçi" oyununda "Araz-Naxçıvan" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə, "Araz-Naxçıvan" klubu 700 manat cərimə edilib;

"Araz-Naxçıvan" - "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə aldığı üçün üç oyun şərti olmaqla 5 oyun cəzalanır, "Araz-Naxçıvan" komandası 4000 manat cərimə olunub;

"Araz-Naxçıvan" - "Neftçi" oyununun 90+5-ci dəqiqəsində "Araz-Naxçıvan" klubunun inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçuya fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə, iki oyun şərti olmaqla 5 oyun cəzalanıb, "Araz-Naxçıvan" komandası 4000 manat cərimə edilib;

"Araz-Naxçıvan" - "Neftçi" oyununda "Neftçi" klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə, "Neftçi" klubu 700 manat cərimə olunub;

25 avqust 2024-cü il tarixində Premyer Liqanın IV turunun "Sabah" - "Sumqayıt" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" klubu 800 manat cərimə edilib;

"Sabah" - "Sumqayıt" oyununda "Sumqayıt" klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə. "Sumqayıt" klubuna xəbərdarlıq olunub;

"Zirə" - "Şamaxı" oyunu bitdikdən sonra "Zirə" komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə. "Zirə" klubu 2000 manat cərimələnib.

0.046118021011353