Türk generaldan Ermənistana sərt xəbərdarlıq: "Qarşılığı çox ağır olacaq!"

Ermənistanın baş naziri Nikol Paşinyanın sülhlə bağlı açıqlamaları ilə Azərbaycanla şərti sərhəddə yeni hərbi hissələrin qurulması, aktiv şəkildə silah-sursat və hərbi texnikanın alınması siyasəti arasında antoqonizm var. Baş verənlər İrəvanın danışıqlar prosesi ilə bağlı gizli gündəminin olmasını göstərir.

Bu sözləri hakimiyyet.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz deyib.

General Ermənistanın tarixi seçim qarşısında olduğunu və sülh müqaviləsini imzalamayacağı təqdirdə bunun doğuracağı ağır nəticələrlə üz-üzə qalacağını vurğulayıb:

"Ermənistan hər zaman olduğu kimi fərqli və biri-birinə zidd açıqlamalar verir. Paşinyan bir tərəfdən özünü Qərbə sülh göyərçini kimi göstərir, amma digər tərəfdən sürətli silahlanma ilə yanaşı şərti sərhəddə yeni hərbi hissələr qurur, Azərbaycanın silahlanması ilə bağlı məlumatları saxtalaşdırır, şişirdir. Əlbəttə, baş verənlər haqlı şəkildə Azərbaycanda ciddi suallar meydana gətirir. Ermənistan əhalisinin sayına görə dünyanın ən çox əsgərinə sahib üçüncü ölkədir. Hərbi büdcələrini isə 46% artırıblar. Əhalisinin sayı belə az ölkənin bu qədər əsgərinin olması, sürətli şəkildə silah-sursat və hərbi texnika alması rəsmi İrəvanın gizli gündəmində olan məqsədlərin gerçəkləşdirilməsinə xidmət edir. Paşinyan Avropa Siyasi Birliyinin Londonda keçirilən IV Zirvə Toplantısında İlham Əliyevlə görüşdən qaçdı. İndi isə İlham Əliyevlə şərti sərhəddə görüşməyə hazır olduğunu deyir. Avropadakı görüşdən qaçan adam sərhəddəki görüşdə nə deyəcək? Ermənistan dövlət ciddiyyətinə zidd şəkildə davranır. Səbəb isə Qərbin də mənfəətinə uyğun formada Azərbaycanın başını qatmaq və vaxt qazanmaq cəhdidir. Buradan Ermənistana çağırış edirəm. Heç kim Azərbaycan və Türkiyənin dövlət ağlı ilə oynaya bilməz. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Şuşa Bəyannaməsini unutmasınlar. Əgər sülh müqaviləsini imzalamasalar, xalq və dövlət olaraq bunun çox ağır nəticələri ilə də üzləşməli olacaqlar".

Söhrab İsmayıl

0.049743175506592