Kim Çen In leysan xəbərdarlığını qulaqardına vuran onlarla məmura ən ağır cəzanı verdi

Şimali Koreyada daşqın fəlakətinin qarşısının alınmasında səhlənkarlığı olan təxminən 30 dövlət məmuru edam edilib. Bu KXDR lideri Kim Çen Inın əmri ilə həyata keçirilib.

hakimiyyet.az-ın verdiyi məlumata görə, Cənubi Koreya mətbuatı kəşfiyyat mənbələrinə istinadla bu barədə xəbər yayıblar.

Məlumata görə, "korrupsiya" və "vəzifə səhlənkarlığı" ilə ittiham olunan yüksəkvəzifəli məmurlar keçən ay edam ediliblər.

Lakin həmin məmurların kimliyi açıqlanmayıb.

Xatırladaq ki, Şimali Koreya iyulun 27-dən etibarən ölkənin Çin sərhədinə yaxın bölgələrində şiddətli yağışlara görə daşqınlar baş verib. Köməksiz qalan təxminən beş min nəfər ordunun helikopter dəstəkli əməliyyatı ilə xilas edilib. Şimali Koreya rəhbərliyi fəlakətdə ölənlərin olmadığını açıqlayıb. Buna baxmayaraq, 4.1 min ev və 3 min hektar əkin sahəsi su altında qalıb.

Ölkə lideri Kim Çen In isə fəlakətdən sonra önləyici tədbirlər almayan məmurları günahlandırıb.

"Əlaqədar dövlət qurumları şiddətli yağış, daşqın və tufan kimi fəlakətlərə qarşı daha əvvəl dəfələrlə xəbərdar edilib, ancaq təbii fəlakət mənşəli fəlakətlərin qarşısının alınmasına yönəlmiş işlərə hələ də lazımi əhəmiyyət verilməyib. Vacib vəzifələrdəki məmurların tənbəlliyi və mənfəətpərəstliyi çox ciddi həddə çatıb", - deyə o, məmurları sərt tənqid edib.

Fəlakətlə mübarizə qurumlarının ordunun xilasetmə əməliyyatına möhtac qalmasını tənqid edən Kim, vəzifələrinə səhlənkar yanaşan və məsuliyyətlə yerinə yetirməyən dövlət məmurlarının cəzalandırılması əmrini verib.

0.035135984420776