Bakıda dələduzluqda ittiham olunan türkiyəli iş adamı ilə bağlı QƏRAR

Bakıda dələduzluqda təqsirləndirilən "Hom Paş Prestij" MTK-nın sahibi, Türkiyə vətəndaşı Hikmət Yiğitdölün barəsindəki qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilib, apellyasiya şikayətinə verilmə müddəti bərpa olunub.

Qeyd edək ki, H.Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij" MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.

İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək bir mənzili ayrı-ayrı şəxslərə təkrar sataraq onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

Prosesdə ifadə verənə zərərçəkmiş Elçin Heydərov bildirib ki, 2007-ci ildə mənzil alsa da, sonradan mənzillərinin sənədlərini ala bilməyib və həmin mənzillərin başqa sahiblərinin olduğunu öyrənib.

Sonradan ona binadan 100 min manat dəyərində qeyri-yaşayış obyekti və iki mənzil verilib. Buna görə də şikayət və tələbinin olmadığını, barışdıqlarını deyib.

Digər zərərçəkmiş Vəli Əkbərli də ona məxsus qeyri-yaşayış obyektinin geri qaytarıldığını və şikayəti olmadığını qeyd edib.

Bildirək ki, Hikmət Yiğitdöl Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

5.4542348384857