Futbol üzrə Azərbaycan milli komandası sabah növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Millətlər Liqasının C1 qrupunda mübarizə aparan yığmamız Slovakiya seçməsi ilə qarşılaşacaq.
Oyundan öncə komandamızın baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib. Sizi portuqaliyalı mütəxəssisin fikirləri ilə tanış edirik:
- Slovakiya mətbuatında bu gün çıxan xəbərlərə görə, rəqib Azərbaycanı analiz edib. Bu, Santuşu çəkindirmir ki? Bizi dərindən analiz etmələri ona çərinlik törədəcək?
- Mənim köməkçilərim də Estoniyada olanda belə analiz etmişdilər. Bu, normal prosesdir.
- Slovakiya Azərbaycan üçün çox önəmlidir. İlk qolumuzu bu milliyə vurmuşuq. 21 yaşadək yığmada ilk qələbəmizi də onların üzərində qazanmışıq. Fernandu Santuşun məşqçi kimi ilk qələbəsini də sabah gözləyək?
- Biz keçmişlə yaşamırıq. Amma meydana qələbə üçün çıxacağıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Bunun üçün inkişaf etməliyik. Keçmişdə İsveç və Slovakiyanı məğlub etmişik, bu aydındır. Amma ondan sonra görün nə qədər məğlub olmuşuq. Bizim üçün əsas olan məsələ odur ki, sabah futbolçular sona kimi mübarizə aparsınlar. Yeni yolda çətinliklər də olacaq.
Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı sentyabrın 8-i saat 20:00-da start götürəcək.