Sözü ilə əməli üst-üstə düşməyən İrəvan: Ermənistan sülh istəmir

Azərbaycanın Vətən müharibəsi ilə Cənubi Qafqazda başlayan tarixi proseslər hazırda da davam edir. Azərbaycan və Ermənistan indi sülhə heç vaxt olmadığı qədər yaxındırlar. İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatı nəticəsində rəsmi Bakının öz ərazi bütövlüyünü təmin etməsindən sonra "düyün" açılıb. İndi Azərbaycanın əsas prioriteti Ermənistanla sülh sazişinin imzalanması və regional əməkdaşlıq mühitinin təmin olunmasıdır.

Hər iki tərəfdən verilən məlumata görə, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Məhz Bakının siyasi iradəsi, diplomatik cəhdləri nəticəsində bölgədə "sular tədricən durulur". Müşahidələr göstərir ki, bu, daha çox ikitərəfli təmaslar nəticəsində mümkün olur.

Buna baxmayaraq, Ermənistan hələ də sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında çıxışı zamanı deyib ki, Bakı ilə İrəvan arasında ən qısa vaxtda sülh sazişinin imzalanması üçün real şans var.

Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb. Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib.

"Hesab edirik ki, qısa müddətdə sülh sazişini imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - deyə o qeyd edib.

Nazir, həmçinin bildirib ki, Ermənistan kommunikasiyaların açılmasında üçüncü tərəflərin nəzarətini istisna edir.

Bakı və İrəvanın sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırması məsələsini bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da səsləndirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə isə sentyabrın 9-da rəsmi İrəvana cavab verərək söyləyib ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür.

XİN rəsmisi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib:

"Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın "sülh sazişi"nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır".

A.Hacızadə deyib ki, saziş layihəsinin imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

"Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib. Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir", - deyə XİN rəsmisi vurğulayıb.

Rəsmi İrəvanın hazırkı ritorikası əslində tamamilə manipulyasiya üzərində qurulub və ictimai niyyəti çaşdırmaq niyyəti daşıyır. Məsələ ondan ibarətdir ki, Ermənistan sözdə dediklərini əməldə təsdiqləmir: ya bunu istəmir, ya da gücü yoxdur.

Ümumiyyətlə, Ermənistan rəsmilərinin səsləndirdikləri bəyanatların bir xeyli hissəsi ya qeyri-dəqiqdir, ya da tamamilə yalandır. Bu, A.Mirzoyanın son açıqlamaları üçün də istisna deyil. Belə ki, erməni nazir üzdə sülhlə bağlı loyal danışsa da, əslində bilavasitə yenə də Bakını ittiham etməyə çalışıb. Halbuki prosesi uzadan məhz İrəvan özüdür.

Azərbaycan qalib tərəf olsa da, humanistlik edərək Ermənistana sülh əlini uzadıb. Üstəgəl, ikitərəfli təmaslar nəticəsində normallaşma istiqamətində müəyyən irəliləyişin əsas səbəbləri məhz rəsmi Bakının qətiyyəti, prinsipiallığı və diplomatik məharətidir. Ermənistan hakimiyyəti bunu başa düşür. Və başa düşdüyü halda sülhdən yayınır.

Əvvəl də dediyimiz kimi, Azərbaycan sülh və regional əməkdaşlıqda maraqlıdır. Amma sülh bu gün Bakıdan daha çox qarşı tərəfə lazımdır. Ona görə ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib. Həmçinin Bakı bu gün nəinki Cənubi Qafqazın, beynəlxalq geosiyasi müstəvinin əsas oyunçularından olmaqla müstəqil xarici siyasət kursuna malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın nə təhlükəsizliyi, nə də müstəqilliyi Ermənistanla sülhdən asılıdır.

Ermənistan üçün isə durum fərqlidir. Rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında faktiki olaraq siyasi poliqona çevrilib. Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, hərbi toqquşma meydanına çevrilməsi də mümkündür. Yəni zaman Ermənistanın əleyhinə işləyir. Belə bir şəraitdə İrəvana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən ideal variant Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır. Amma Ermənistan özünü bu imkandan məhrum edir.

Ermənistan hakimiyyəti, bəlkə də, sülhün alternativinin olmadığını şüurlu şəkildə anlayır. Amma əməli addımların atılması üçün lazımi siyasi iradə ortaya qoya bilmir. Çünki Ermənistan bu gün faktiki olaraq Qərbin, xüsusilə ABŞ və Fransanın təsiri altındadır. Adıçəkilən dövlətlər özlərinin regional maraqlarını təmin etmək, o cümlədən bölgəyə soxulmaq üçün İrəvandan istifadə edirlər. Ermənistanın sürətlə silahlandırılması əslində məhz buna - destruktiv maraqların reallaşmasına xidmət edir.

Ermənistanın sülhdən yayındığını göstərən bir neçə amil var:

- Azərbaycanın göndərdiyi təkliflər paketinə hər dəfə dəyişiklik edərək vaxt qazanmaq istəyi;

- Prinsipial məsələlərlə bağlı Bakı ilə razılığa gəlməməsi;

- Azərbaycanın əsas tələbinə müvafiq olaraq hələ də konstitusiya dəyişikliyini gündəmə gətirməməsi;

- Artan hərbi təxribatlar.

Ehtimal etmək olar ki, Ermənistanın hazırkı destruktiv mövqeyinin arxasında məhz Qərb dayanır. Çünki rəsmi İrəvanın "pultu" bu gün Paris və Vaşinqtonun əlindədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan qərarını verib: sülh istəmir.

"Report" İnformasiya Agentliyi

0.14713191986084