Tanınmış azərbaycanlı hüquqşünas Moskvada saxlanıldı

Rusiyada tanınmış azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada dələduzluq işi ilə bağlı saxlanılıb. O, pul müqabilində Aleksey və Yelena Blinovskiləri vergi ödəməməyə görə cinayət məsuliyyətindən azad etməyi vəd edib.

hakimiyyet.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"İK-nın hərbi istintaq orqanları tərəfindən keçmiş vəkil Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə cinayət işi açılıb", - deyə o bildirib.

İstintaq müəyyən edib ki, Paşayev 2024-cü ilin fevralında Moskvada Aleksey Blinovski ilə şəxsi görüş zamanı onu inandırıb ki, külli məbləğdə pul müqabilində Blinovski və onun həyat yoldaşı Yelenaya qarşı əvvəllər açılmış vergi ödəməmə işi üzrə cinayət məsuliyyətindən azad edə bilər. Paşayev Blinovskidən pul alıb.

Onun barəsində qətimkan tədbiri seçilməsi məsələsi həll olunur. Paşayev qəza törədərək bir nəfərin ölümünə səbəb olan aktyor Mixail Yefremovun vəkili kimi tanınıb. Sonradan o, vəkillik statusundan məhrum edilib. O zaman Paşayev barəsində Yefremovun məhkəməsində yalan ifadə verən şahidlərlə bağlı yoxlama aparılırdı.

0.082312107086182