Naxçıvan şəhərində 1976-cı il təvəllüdlü Əbülfət Qarayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəfiqə Qarayevaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə bu ilin martın 22-də Naxçıvan şəhəri Bulqan kənd qəbiristanlığında baş verib.
Əbülfət orada həyat yoldaşı Rəfiqə ilə mübahisə zamanı onu döyərək xəsarətlər yetirib.
Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Rəfiqə ilə 18 ildir evlidir:
"Evliliyimizin müddətində aramızda ailədaxili problemlər və mübahisələrimiz olurdu. Son zamanlarda həyat yoldaşım davalarımız artmışdı. Bir sözlə demək olar ki, yola gedə bilmirdik".
Təqsirləndirlən şəxs bildirib ki, martın 21-də, saat 23 radələrində yaşadığı evə gəlib:
"Evə girdikdən sonra Rəfiqənin masanın üzərində olan çirkli qabların təmizlənmədiyini gördüm. Mən aramızda olan mübahisələrə son qoymaq üçün Rəfiqə ilə söhbət etmək istədim. Övladlarım evdə olduğu üçün bayırda söhbət etmək istədim. Rəfiqə ilə evdən çıxıb avtomobilimə əyləşdik. Bizim ev tərəfdə qəbiristanlıq var. Rəfiqənin rəhmətlik anam barəsində danışdığını da eşitmişdim. Ona görə də onu qəbiristanlığa apardım. Orada aramızda mübahisə oldu. Mən avtomobilimdə olan balaca qatlanan bıçağı üzərimdə götürmüşdüm. Rəfiqə həmin zaman qışqıraraq danışırdı. Mən onu qorxutmaq üçün bıçağı çıxardım və onun ayağına tutdum. Rəfiqə həmin zaman yerə oturdu. Bu zaman necə olduğunu bilmədən bıçaq Rəfiqənin ayağını cızdı. Sonra Rəfiqəni tutaraq ayağa qaldırmaq istəyən zaman qolumdan dişlədi. Mən də bu zaman onun kürək nahiyəsindən vurdum. Sonra Rəfiqəni çəkərək ayağa qaldırdım və avtomobilə əyləşdirdim və evə getdik. Həyətin qapısından içəri girmədim və atamgilə gedəcəyimi bildirdim. Aramızda olan ailədaxili münasibətlərə görə mübahisə edirdik. Həmin məsələlər Rəfiqənin evə baxmamağı və özbaşına harasa gedib-getmədiyini soruşmağım idi. Rəfiqə ilə sakit yerdə söhbət etmək istəyirdim. Qəbiristanlığa aparmaqda məqsədim ona izah etmək istəyirdim ki, nalayiq söz dediyin şəxs torpağın altındadır".
Təqsirləndirilən şəxs qeyd edib ki, ailəsinin təminatını daima ödəyib:
"Ailəmə yaxşı baxmışam. Bir neçə dəfə Türkiyədə səyahətdə olmuşuq".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Rəfiqənin sözlərinə görə, evlilikləri müddətində Əbülfətlə yaxşı yola getməyib:
"Mən Əbülfətin xasiyyətinə bələd olduğum üçün onun bu hərəkətlərinə uşaqlarım üçün dözürdüm. Martın 22-də, gecəyarısı Əbülfət yaşadığımız evə gəldi və pul qabının qəbiristanlıqda itdiyini dedi. Mən də ondan bu saatda qəbiristanlıqda nə etdiyini soruşdum. Əbülfət mənə heç bir cavab vermədi və dedi ki, gəl mənimlə birgə gedək qəbiristanlığı axtaraq. Mən gödəkcəmi geyindim və evdən çıxdıq. Qəbiristanlığın darvazasına çatan zaman Əbülfət qəfildən mənim boğazımdan yapışdı və boğazıma bıçaq dayadı. Əbülfət məndən mart ayının 1-dən 5-nə qədər harada olduğumu soruşdu. Mən də Əbülfətə evdə və işdə olduğumu dedim. Əbülfət qışqıraraq yalan danışmamağımı deyirdi. Mən də Əbülfətə dedim ki, sən bilirsənsə hardaydım, mənə de. Əbülfət mənə cavab vermədi. Mən ona mübahisə zamanı boşanmaq istədiyimi dedim. Əbülfət əlindəki bıçağı mənim sol buduma batırdı. Mən səs çıxartmadım. Sonra Əbülfət bunu görən kimi bıçağı yanımdakı taxtaya batırdı və məni yumruqla üzümdən vurmağa başladı. Mən də Əbülfətin zərbələrindən yerə düşdüm. Bu zaman o, məni yerdə təpiklə vurmağa başladı. Həmin vaxtı Əbülfət avtomobilə tərəf getdi və mən də onun başının qarışdığını görərək polisə zəng etmək istədim. Sonra ayağa duraraq qaçanda Əbülfət məni arxadan tutdu və telefonumu alaraq qırdı. Mən halsız vəziyyətdə yerdə uzanmışdım. Sonra o, məni öz avtomobilinə zorla mindirdi. Evə çatdıqdan sonra uşaqlarımı götürərək atamgilin evinə getdim".
Zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Əbülfət daima onun telefonunu yoxlayıb:
"Ona mane yox idi. Mənim heç bir pis hərəkət yoxdur. Mən telefondan ingilis dili üçün istifadə edirdim. Dil öyrənmək üçün ingilis və rus dilində filmlərə baxırdım ki, unutmayım. Əbülfət bunu məhdudlaşdırırdı. Mənim hazırlıq keçməyimə narazılıq edirdi. Mən uşaqlara görə işləyib, onların təhsilinə kömək etmək istəyirəm. Uşaqlarım məktəb birincisidir".
Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfət 4 ay müddətə azadlıqdan məhrum edilib.