Gürcüstan parlamenti üçüncü, son oxunuşda ailə dəyərlərini və yetkinlik yaşına çatmayanları qorumağa yönəlmiş qanun layihələri paketini qəbul edib. Yeni qanun ölkədə LGBT təbliğatının, eynicinsli nikahların, qeyri-heteroseksual insanlar tərəfindən uşaqların övladlığa götürülməsinin, həmçinin cinsiyyət dəyişdirmə üzrə tibbi manipulyasiyaların qadağan edilməsini nəzərdə tutur.
hakimiyyet.az bu barədə "Sputnik Gürcüstan"a istinadən xəbər verir.
Hakim Gürcü Arzusu Partiyasından olan deputat Rati İonatamişvili vurğulayıb ki, belə bir qanunun qəbul edilməsi nadir haldır, çünki o, gürcü cəmiyyətinin sifarişini və maraqlarını hərtərəfli əks etdirir. Deputatın sözlərinə görə, bunu mayın 17-də - Ailənin Müqəddəsliyi və Valideynlərə Hörmət Günündə Gürcüstan şəhərlərinin küçələrinə axışan izdiham təsdiqləyib.
"Hər bir məsuliyyətli hakimiyyət öz xalqını dinləməli, xarici qüvvələrin və sifarişçilərin deyil, öz xalqının tapşırığı ilə qərarlar qəbul etməlidir", - deyə İonatamişvili bildirib.
O, həmçinin, qeyd edib ki, qanun layihəsi üzərində iş ölkədə, əslində, kimin insan hüquqlarını və yetkinlik yaşına çatmayanları zərərli təsirlərdən qoruduğunu göstərib.
Diqqətəlayiq haldır ki, bu qanunun müzakirəsi səbəbindən müxalifət parlamentdən "qaçıb". Buna baxmayaraq, plenar iclasda 84 deputat qanunun lehinə səs verib, əleyhinə çıxış edən olmayıb. Qanun imzalanmaq üçün Prezident Salome Zurabişviliyə göndəriləcək.