Türkiyənin İstanbul şəhərində hüquq-mühafizə orqanı əməkdaşlarının apardıqları əməliyyat zamanı cinayətkarla silahlı qarşıdurma yaşanıb. Hadisə nəticəsində bir polis həlak olub, üç nəfər isə yaralanıb.
hakimiyyet.az-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, bu barədə İstanbul Təhlükəsizlik İdarəsindən xəbər verilib.
Bildirilir ki, hadisə Ümraniyə rayonunun Dudullu Polis Mərkəzi Əmirliyi tərəfindən motosiklet oğurluğu ittihamı ilə saxlanılan və sonradan qaçan şəxsin tutulması üçün əməliyyat zamanı baş verib.
Məlumata görə, müxtəlif cinayətlərə görə əvvəllər 26 dəfə saxlanılan 19 yaşlı Y.E.Ç. İhlamurquyu məhəlləsində polisin silahını alaraq ətrafda olanlara atəş açıb. Qadın polis əməkdaşı, 27 yaşlı Şeyda Yılmaz isə cavab atəşi açıb.
Hadisə zamanı Ş.Yılmaz və digər polis K.H.S., eləcə də şübhəli şəxsin özü və hadisə yerində olan anası 43 yaşlı P.G. yaralanıblar. Onlar xəstəxanaya aparılıblar. Ş.Yılmazın həyatını xilas etmək mümkün olmayıb.
Açıqlamada qeyd olunur ki, şübhəli şəxs barəsində "qəsdən adamöldürmə" və "qəsdən sağlamlığa ağır zərərvurma" maddələri ilə cinayət işi başlanılıb.
İstanbulda qanlı qarşıdurma: Qadın polis həlak oldu, yaralananlar var