Prezident Emmanuel Makronun Fransa hökumətindən təcrübə laboratoriyası kimi istifadəsi davam edir. O, ölkə tarixinin ən ziddiyyətli dövlət başçısıdır.
Bu ilin yayında Fransada keçirilən parlament seçkisində Marin Le Penin sağçı Milli Birlik Partiyası qələbə qazanıb. Emmanuel Makronun "Birgə Respublika Naminə" mərkəzçi bloku ikinci yerdə olub.
Milli Birlik Partiyası səslərin mütləq çoxunu toplamadığından hökuməti təkbaşına qura bilməyib. Marin Le Penlə koalisiya hökuməti qurmağa razılıq verən siyasi qüvvə olmadığı üçün hökuməti Makronun partiyası qurub.
Seçkidən sonra Fransa siyasi böhranla üzləşib. Yeni hökumətin qurulması üçün dövlət başçısının 51 gün vaxt sərf etməsi də ölkədə vəziyyətin siyasi cəhətdən ağırlığından xəbər verir.
Nəhayət, Makron 73 yaşlı Mişel Barneni baş nazir vəzifəsinə təyin edib. O, əvvəllər xarici işlər naziri olub və siyasi qüvvələri birləşdirmək, balansı gözləmək üçün bütün tərəfləri təmsil etməyə çalışıb.
Marin Le Pen Makronun bu sınağında iştirakdan imtina edib.
Yeni hökumət sağ mərkəzçi sayılır. Hökumət Makronun başçılıq etdiyi "Birgə Respublika Naminə" seçki bloku, mühafizəkar Respublikaçılar Partiyası və onlara yaxın başqa kiçik siyasi qüvvələrdən formalaşıb. Yalnız müdafiə naziri Sebastyan Lekorn öz kreslosunu qoruyub.
XİN başçısı mərkəzçi Jan-Noel Barro, daxili işlər naziri isə mühafizəkar Bryuno Reayo təyin edilib. 39 nazirdən ibarət Mişel Barne hökumətinin yeddi əsas nazirliyinə Makronun adamı başçılıq edəcək.
Yeni hökumət formalaşdırılsa da, ölkədə siyasi etirazlar davam edir.
"Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində belə çağırış edib: "Mişel Barnenin rəhbərlik etdiyi yeni Fransa hökuməti devrilməlidir".
O əlavə edib ki, yeni hökumət qəddar bir istehzadır: "Ona görə də biz bu hökumətdən mümkün qədər tez qurtulmalıyıq".
Filippo Barne hökumətini hamını ümidsizliyə sürükləyən "oliqarx ziyili" adlandırıb.
Avropa parlamentinə seçki
də uğursuzluq Emmanuel Makrona ən böyük etimadısızlıqdır.
Yeri gəlmiş prezidentliyinin birinci dönəmində 2017-2022-ci ildə, yəni beş ildə Fransanın iki baş naziri olub - Eduar Filipp (2017-2020), Jan Kasteks (2020-2022).
Dövlətə başçılığının ikinci müddətinin ilk iki ilində o, üç baş nazir təyin edib: Elizabet Born (2022-2024), Qabriel Attal (2024-cü yanvarın 9-dan sentyabrın 5-dək), Mişel Barne (2024-cü il sentyabrın 21-dən).
Hökumət başçısı və kabinetin tez-tez dəyişməsi demokratiyanın deyil, sabitliyin, istiqrarın olmamasının göstəricisi sayılır.
Mişel Barne hökumətinin taleyi Marin Le Pen fraksiyasının susması müddətindən asılıdır. O, yeni kabineti "keçid hökuməti" adlandıraraq, fransızların gözləntilərindən uzaq olduğunu bildirib.
Le Penin sözlərinə görə, bu hökumət "qeyri-təbii ittifaqlar"ın bağlanması nəticəsində yaranıb: "Biz Fransanın ayağa qalxmasına imkan vermək üçün çağırdığımız böyük dəyişikliklərə hazırlaşmağa davam edəcəyik".
Bununla yanaşı, Marin Le Pen yaxın vaxtlarda hökumətə etimad səsverməsinin mümkünlüyünü şərh etməyib.
Çünki yeni hökumətdə təmsil olunan partiyalar parlamentdə çoxluğa malik olmayacaq. Bu baxımdan Nazirlər Kabineti çox güman ki, mütəmadi olaraq müxalifət qrupların - sol və ifrat sol qüvvələrin nümayəndələrinin daxil olduğu Yeni Xalq Cəbhəsi, həmçinin Marin Le Penin başçılıq etdiyi siyasi qüvvənin dəstəyini almağa çalışacaq. Fransa parlamentində 577 deputat var. Yeni hökumət zəruru olan 289 mütləq səs çoxluğunda 240 deputatla təmsil olunur. Bu isə parlamentdə hökumətin davamlılığına problem yarada bilər. Başqa sözlə, Fransada yeni hökumət böhranın yaranması mümkündür.
Bu gün Emmanuel Makronun sədrliyi ilə yeni kabinetin ilk iclası keçiriləcək.
Müxtəlif siyasi qüvvələri bir yerə toplamaqla prezident növbəti sınağını keçirib.
Xatırladaq ki, bu il yanvarın 9-da Elizabet Born istefa verdikdən sonra Qabriel Attal yeni baş nazir təyin edilib. 34 yaşlı Q. Attal ölkə tarixində ən gənc baş nazir olub. Bildirilib ki, Qabrial Attal Fransa prezidentinin yaxın tərəfdaşıdır. O, ölkənin cinsi azlıq nümayəndəsi olduğu iddia edilən ilk baş naziri idi. Yeni baş nazir isə "sevgilisi" cinsi azlığın nümayəndəsi 38 yaşlı Stefan Sejurneni xarici işlər naziri təyin etmişdi. Məlumatlara əsasən, "İntibah" partiyasının lideri olan Sejurne 34 yaşlı Attalla vətəndaş nikahında yaşayır.
Qeyd edək ki, Fransa Konstitusiyasına əsasən, ölkədə prezident baş naziri, onun təklifləri əsasında hökumətin başqa üzvlərini təyin edir.
Onu da vurğulayaq ki, Fransa hökuməti hazırda böhran dövrünü yaşayır.
Makronun təyin etdiyi yeni hökumətdə cinsi azqlıların erməni etnik qrupunun nümayəndələri ilə əvəzlənməsini də sınaqlara nümunə saymaq olar.
Məlumata görə, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri, Giyom Kasparyan isə dövlət qulluğu işləri, ictimai fəaliyyətin sadələşdirilməsi və transformasiyası naziri təyin edilib.
Ehtimal etmək olar ki, prezident cinsi azlıqların təmsilçilərinin hökumətə gətirməklə qarşıdan gələn parlament seçkisində cəmiyyətin bu təbəqəsinin səsini qazanmağı hədəf götürüb. İyunun 30-u və iyulun 7-də keçirilmiş siyasi kampaniyada onun planı reallaşmayıb.
Ona görə də belə mülahizə etmək olar ki, gələcək planlarını reallaşdırmaq, habelə vaxtından qabaq prezident postundan getməmək üçün erməni etnik qrupunun nümayəndələrini hökumətə daxil etməklə onların lobbisindən faydalanmağa səy göstərir.
Hökumətdə apardığı təcrübələri Makron xarici siyasi kursunda da davam etdirir.
İsraillə Livan arasında gərginlik artmaqdadır. Son günlər "Hizbullah" İsrailin şimalını, qarşı tərəf isə Beyrutu vurur.
Makron Livanda Fransanın mövqeyini qorumaq, Yaxın Şərqdə varlıqlarını qorumaq məqsədi ilə ötən gün Livan xalqına müraciət edib: "Əziz livanlılar, əziz dostlarım. Çaşqınlıq və kədər içində ümid var. Fransa bu xaosda, bu ağrıda sizinlədir".
Bu isə Makronun saxtakarlığından xəbər verir. Fransa ordusunun əsgəri heç vaxt "Hizbullah" və Livan ordusu ilə birlikdə İsrailə qarşı müharibə aparmayacaq. Çünki bu rəsmi Parisin Qərbdən olan müttəfiqlərinə, ilk növbədə ABŞ və Böyük Britaniyaya qarşı çıxmaqdır. Fransanın isə bu etməyə cürəti və siyasi iradəsi yetməz. Bir müddət əvvəl o, Ukraynaya hərbçi göndərməklə bağlı bəyanat vermişdi. Bu fikri ona dəstək qazandırmadı. İndi o, Rusiya ilə yaxınlaşmağa dair dolayı yolla açıqlamalar verir.
Emmanuel Makron hakimiyyətinin ölkə daxilində yeni siyasi böhranla üzləşəcəyi istisna edilmir. O, Livanla bağlı məsələni gündəliyə gətirməklə diqqəti bu istiqamətdə yönəltməyə səy göstərir. Odur ki, Fransa xarici siyasətdə saxtakarlıq edir, daxildə isə bir təbəqənin nümayəndələrini başqası ilə əvəzləməklə "milli birlik" yaratmağa səy göstərir. Böhran isə Fransanın qapısından uzaqda deyil.
"Report" İnformasiya Agentliyi