Etibarnamə ilə barter edilən maşın pul qarşılığında banka girov QOYULA BİLƏR?

Etibarnamə ilə nəqliyyat vasitəsinin bir şəxsdən digərinə dövr edilməsi hallarında müxtəlif anlaşılmazlıqların yaşandığı ortaya çıxıb.

Belə ki, Vüsal Nəcəfov (ad-soyad şərtidir - red.) adlı sosial media istifadəçisi paylaşım edərək bildirib ki, etibarnamə ilə maşınını barter etdiyi şəxs onun icazəsi olmadan nəqliyyat vasitəsini banka girov qoyub:

"Etibarnamə ilə maşınımı iş yoldaşımla barter etmişdik. Etibarnamə ilə sürürdük. Lakin iş yoldaşım mənim adıma olan maşını banka qoyaraq pul götürüb. Maşın isə mənim mülkiyyətimdən çıxıb. İndi öz mülkiyyətində olan maşındakı etibarnaməni ləğv edib, məndən pul istəyir".

Maraqlıdır, etibarnamə ilə bir şəxsdən digərinə barter edilən maşın pul qarşılığında banka girov qoyula bilərmi?

Mövzu ilə bağlı hakimiyyet.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, etibarnamədə şəxsin maşına aid istənilən əqdi həyata keçirə biləcəyi qeyd olunduqda həmin avtomobili banka pul qarşılığında girov qoya bilər:

"Vətəndaşların çoxu etibarnamənin mənasının nə olduğunu anlamır. Problemlər də məhz buradan qaynaqlanır. Etibarnamə verərkən orada yazılanlara diqqət etmək lazımdır. Əgər etibarnamə ilə avtomobilə dair bütün səlahiyyət qarşı tərəfə verilibsə, şəxs maşını banka qoyub, pul götürə bilər. Lakin buna baxmayaraq, avtomobili girov qoyan şəxs maşının öz sahibinə nəqliyyat vasitəsinin dəyərini qarşılayacaq məbləğdə pul verməlidir. Vermədikdə avtomobilin əsl sahibi məhkəmə qaydasında pulunu tələb edə bilər".

Ekspert bildirib ki, bank yalnız bir halda etibarnamə əsasında maşını girov olaraq götürə bilməz:

"Əgər etibarnaməni verən şəxs evlidirsə, maşın banka girov olaraq qoyula bilməz. Bu zaman bank mütləq etibarnaməni verən vətəndaşın həyat yoldaşından razılıq almalıdır. Maşına dair bütün səlahiyyət etibarnamə ilə qarşı tərəfə verilsə də, üçüncü şəxsin iştirakı olmadan maşın pul müqabilində girov qoyula bilməz. Belə halda şəxs etibarnamə ilə dövr aldığı nəqliyyat vasitəsi barəsində öz xeyrinə əqd bağlaya bilməz ".

Hüquqşünas Pərviz Hacıyev hakimiyyet.az-a açıqlamasında deyib ki, baş etibarnamə ilə dövr edilən maşının banka qoyulması qanunsuz əməl deyil:

"Etibarnamənin biri maşın sürmək üçün verilir. Digəri isə baş etibarnamədir ki, bu da qarşı tərəfə nəqliyyat vasitəsini özününküləşdirəcək, üzərində müxtəlif sərəncamlar icra edə biləcək hərəkətlər etməyə səlahiyyət verir. Belə olan halda şəxs maşını banka qoyub pul götürə bilər. Bu zaman bank heç bir məsuliyyət daşımır. Əvvəllər insanlar hətta maşın satışını baş etibarnamə ilə gerçəkləşdirirdilər. Sonralar artıq məlumatlandılar, gördülər ki, baş etibarnamə hələ maşın satışı demək deyil. Maşını satan şəxs boşandıqda nəqliyyat vasitəsi mübahisə predmetinə çevrilir".

Aytac Qasımova

0.067409038543701