"Payız - qarpız, balqabaq və alma yemək üçün ən yaxşı zamandır".
hakimiyyet.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti Vitali Napolov danışıb.
Onun sözlərinə görə, bu mövsüm qidaları sağlamlıq üçün olduqca faydalıdır.
"Payızın əvvəli qovun və qarpız yemək üçün gözəl zamandır. Həmçinin tərkibində çoxlu C vitamini və müxtəlif mikroelementlər olan almaların da vaxtıdır. Meyvələrdə fruktoza var ki, bu da şirin desertlərdən qat-qat sağlamdır", - deyə bioloq vurğulayıb.
O əlavə edib ki, payızın əvvəlində badımcan, balqabaq, qabaq, kök, kələm və s. yetişir.
"Təzə məhsul aptekdən alınan vitamin komplekslərindən daha faydalıdır. Belə ki, hər bir tərəvəzdə müəyyən vitaminlər mövcuddur.
Məsələn, gül kələmdə çoxlu protein, qırmızı kələmdə antioksidant, ağ kələmdə isə C vitamini var. Balqabaq və qabaq tərkibindəki lif və mikroelementlər sayəsində mədə-bağırsaq xəstəliklərinə kömək edə bilər", - deyə o qeyd edib.
Napolovun sözlərinə görə, yetkin insan gündə 400-500 qram meyvə-tərəvəz yeməlidir. Eyni zamanda, bu meyvə-tərəvəzlər çiy halda orqanizmə daha böyük fayda gətirəcək.