"Formula-1" Azərbaycan Qran-prisi rekordlarla yadda qaldı

Bakı növbəti dəfə "Formula-1" Azərbaycan Qran-prisinə ev sahibliyi edib. "Formula-1" Azərbaycan Qran-prisi növbəti rekorda imza atıb. 13-15 sentyabr tarixlərində baş tutmuş möhtəşəm idman yarışını tribunalardan və ayaqüstü izləyənlərin sayı son 8 ildə ən yüksək həddə çataraq 76 min olub. Tribunalar daha yarış başlamamış tam dolub. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti bu il daha yeni 2 tribuna quraşdırılmaqla ümumilikdə tribunaların sayını 10-a çatdırıb. Ötən illə müqayisədə izləyici yerlərinin sayında 35 faiz artım olub. Maraqlı faktlardan biri yerli azarkeş sayına görə ilk beşlik ölkə sırasında yer almasıdır. Yüksələn marağı nəzərə alaraq, gələn il azarkeş yerinin artırılması nəzərdə tutulur.

Bu il könüllü və marşal müraciətləri də rekord həddə çatıb . Belə ki, yarışda iştirak etmək üçün 4 gün ərzində 16 mindən çox namizədin müraciəti qeydə alınıb. 2 minə yaxın könüllü seçim mərhələlərindən uğurla keçməklə iştirakını təsdiq edib. Yarış müddətində 1400-ə yaxın marşal cəlb olunub. Onlardan 100-dən çoxu əcnəbi olub.

Builki Bakı yarışını 300-ə yaxın media nümayəndəsi işıqlandırıb. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər idi. Dünya media nəhəngləri "Sky Sports", "Motorsport", "Canal+", "Netflix", "The Sun" və sair bu sırada yer alaraq, 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşıblar.

Yarış həftəsonu təkcə qəzalarla deyil, həm də əyləncə və konsert proqramı ilə dolu idi. Fan zonada bu il ilk dəfə "Formula-1"ə aid bütün aktivasiya quraşdırılıb. Dünyaca məşhur əyləncə aktivasiya stendləri, tanınmış pilotlarla keçirilən avtoqraf sessiyaları, musiqi proqramları və rəqslər azarkeşlərə unudulmaz anlar bəxş edib.

Bundan başqa, "Crystal Hall"da keçirilən konsertlər - Uill Smit, DJ Bləck Coffi və J Balvinin səhnə performansları - həftəni əsl əyləncə festivalına çevirib.

Yarışın özü isə tamaşaçıları hər an diqqətdə saxlayıb. Bakı treki yenə öz məşhur dar döngələri və sürətli düz yolları ilə pilotlara çətin anlar yaşadıb. Ard-arda qəzalar həyəcanı daha da artırıb. "Red Bull"un pilotu gözlənilmədən divara çırpılıb, "Ferrari" komandasının maşını isə döngədə kontroldan çıxıb. Ən maraqlı məqam "Maklaren"in gənc pilotu Oskar Piastrinin ustalıqla toqquşmalardan qaçaraq, 51 dövrəni lider olaraq tamamlaması olub. Bu çətin şəraitdə Piastrinin göstərdiyi performans uzun müddət yadda qalacaq. "Ferrari"nin Şarl Lekleri və "Mercedes"in Corc Raslı isə sıx rəqabət apararaq ikinci və üçüncü yerləri tutublar.

Bu il Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərin rahatlığı üçün yarışla əlaqədar bağlanmış yolları sürətlə açıb. Nəqliyyat məhdudiyyətləri 8 ildə ilk dəfə olaraq 24 saat tamam olmadan aradan qaldırılıb.

Bu il baş tutan "Formula-1 Qatar Airways" Azərbaycan Qran-prisi idmanla əyləncəni bir araya gətirərək, həm azarkeşlərə, həm də iştirakçılara unudulmaz yarış həftəsi yaşadıb.

0.18277788162231