Qərbi Azərbaycan Xronikası: "Bala Məzrə Basarkeçərin ən qədim kəndlərindən biridir"

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı olub.

O, rəhbərlik etdiyi Şuranın fəaliyyətindən, ötən ildə gördüyü işlərdən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətinə böyük töhfə verən qadınlar mədəniyyətimizin, irsimizin yaradıcısı və daşıyıcısıdırlar. Qərbi Azərbaycan xalçaçılıq məktəbindən, qadınların toxuduğu xalçaların beynəlxalq sərgilərdə nümayiş etdirilməsindən danışan müsahib vurğulayıb ki, sovetlər birliyi dövründə ermənilər soydaşlarımızın əməyinin, zəhmətinin bəhrəsi olan xalça nümunələrinin ittifaq səviyyəsində tanıdılmasının qarşısını alıblar. Bütün bu faktları nəzərə alan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası ötən il Azərbaycan Milli Xalça Muzeyi ilə birlikdə soydaşlarımızın müxtəlif illərdə toxuduğu xalçaların sərgisini təşkil edib. Daha sonra bu xalça nümunələrinin kataloqu hazırlanıb və Bakıda keçirilən beynəlxalq tədbir iştirakçılarına təqdim olunub. Eyni zamanda, sözügedən tədbir iştirakçılarının sərgi ilə yaxından tanış olmasına şərait yaradılıb.

Bundan başqa, Qadınlar Şurasının təşəbbüsü ilə Qərbi Azərbaycan mətbəxinin tanıdılması istiqamətində də layihə həyata keçirilib. Tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın ifa etdiyi xalq mahnılarının, şifahi folklor nümunələrinin toplanması da diqqətdən kənarda qalmayıb. Şuranın təşəbbüsü ilə İrəvan Ansamblı yaradılıb. M.İbrahimqızı deyib ki, bütün bu vasitələr Qərbi Azərbaycan mədəniyyətinin, irsinin qorunmasına, saxlanmasına, tanıdılmasına, gələcək nəsillərə ötürülməsinə hesablanıb.

İyirmi ildən artıq müddətdə seçicilərini Milli Məclisdə layiqincə təmsil etdiyini söyləyən müsahib əlavə edib ki, deputat seçildiyi ərazidə sakinlərlə, o cümlədən Qərbi Azərbaycandan vaxtilə deportasiya olunmuş soydaşlarımızla tez-tez görüşlər keçirir. Onun sözlərinə görə, yurd həsrəti ilə yaşayan soydaşlarımızın ən böyük arzusu Vətənə qayıtmaqdır. Şura sədri doğulduğu Basarkeçər rayonunun Bala Məzrə kəndi barədə də məlumat verib, ötən əsrdə ermənilərin bu yaşayış məntəqəsinin sakinlərinə qarşı həyata keçirdiyi soyqırımı və qətliamlara toxunub. Deyib ki, babasının gənc qardaşının ailəsini ermənilər təndirə salıb yandırıblar.

Tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinin başlandığını xatırladan M.İbrahimqızı Qərbi Azərbaycana qayıdışın ümummilli məsələ olduğunu vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: "Bala Məzrə Basarkeçərin ən qədim kəndlərindən biridir"

Qərbi Azərbaycan Xronikası: "Bala Məzrə Basarkeçərin ən qədim kəndlərindən biridir"

0.28932905197144