Rüstəm Qaraxanlı yazır...
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində keçirilən Putin-Paşinyan görüşü regional sensasiya ilə yekunlaşdı: Ermənistan-İran sərhədini rusiyalı sərhədçilərlə yanaşı, ermənilər də qoruyacaqlar. Üstəlik, İranla sərhəddəki buraxılış məntəqəsində yalnız ermənilər oturacaqlar. Bu il avqustun 1-dən etibarən Moskvanın İrəvan aeroportunda da sərhəd xidmətlərini ermənilərin öz öhdəsinə buraxdığından belə bir sual yaranır: Moskva İrəvanı təhvil verir, yoxsa bu, Rusiyanın Ermənistanla elə Ermənistanın suverenliyi hesabına ticarətidir?
Moskvanın Gürcüstanda möhkəmləndiyi və Ukrayna cəbhəsində irəlilədiyi bir vaxtda Ermənistanı tərk etməsi inandırıcı görünmür. Gümrüdəki hərbi bazanın icarəsinin uzunmüddətli olması ilə yanaşı, dünənki görüşdən sonra rusiyalı rəsmilərin verdikləri açıqlamalar da bunu təsdiqləyir. Vladimir Putinin köməkçisi Dmitri Peskov böyük ehtimalla dövlət başçılarının görüşündə "Zəngəzur dəhlizi" mövzusunun müzakirə edildiyini deyir. Bu, ən azı Ermənistanda eşitdikdə daş atıb, başlarını tutduqları "Zəngəzur dəhlizi" termininin Kreml tərəfindən qəbulu deməkdir. Azərbaycanın Qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək qlobal nəqliyyat marşrutunu 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında imzası olan üç tərəfdən ikisinin "dəhliz" adlandırması İrəvandan daha çox, Qərb və nə qədər paradoksal olsa da, Tehran üçün acı reallıqdır. Peskovdan savayı, baş nazirin müavini A.Overçukun kommunikasiyaların yalnız Rusiyanın iştirakı ilə bərpa oluna biləcəyini bəyan etməsi isə problemin tabutuna vurulan son mismardır. Siyasətdə zəif tərəfin heç nəyin müqabilində güclüdən nəyisə qoparması mümkün olmayan nonsensdir. Odur ki, İranla sərhəddəki buraxılış məntəqəsində erməni sərhədçilərin havayıdan oturmayacaqları şübhəsizdir…
Yeni regional konfiqurasiyada Moskva və İrəvanın qazancları fonunda Tehran yeganə itirən tərəf kimi görünür. İranın "qırmızı xətti" faktiki olaraq Zəngəzurdan öz sərhədinə doğru yerdəyişmə edir. İki dövlət arasındakı sərhəd anlayışı, onsuz da, "qırmızı xət"dir. Bu xətti Ermənistanın içindən "layihələndirən", iqtisadi ekspansiyası hesabına ən azı buraya qədər olan bölgədə möhkəmlənməyi düşünən İran nəticə etibarilə "qırmızı"nı öz sərhədində görəcək vəziyyətə düşür. Necə deyərlər, sifarişiniz ünvanınıza çatdırılmışdır!
Bu azmış kimi, "qırmızı xətt" boyunca İranın qarşısında kimlərin dayanacağı da müəmmalıdır. Az öncə ABŞ hökumətinin ən iri agentliyi olan USAID Ermənistanın sərhədlərinin möhkəmlənməsi və texniki təchizatını öz üzərinə götürdüyünü bildirib. Bunun üçün 20 milyon dollar civarında vəsait ayrılıb. Bu, yalnız rəsmi rəqəmdir. Vaşinqtonun Ermənistanda hərbi mövcudluğunu intensivləşdirməsi, hətta bölgədə de-fakto baza yaratması barədə xəbərlərin dolaşdığı reallıqda İranın günlərin bir günü sevimli xəttinin o tayında "şeytan-i bozorg"un, yəni "böyük şeytan"ın durduğunu görməsi nəinki istisna deyil, hətta gözlənilən ssenaridir. Rusiya İranla yalnız situativ müttəfiq ola bilər. Onlar tarixən rəqib olublar, ələlxüsus da hazırkı Ermənistan ərazisi uğrunda. Putin-Paşinyan görüşü bu baxımdan Zəngəzur dəhlizi məsələsində dirəşən İran üçün "qırmızı" sürprizi oldu: xəttin o tayında USAID, ABŞ hərbi təlimatçıları və saylarını 138-dən 600 nəfərə qaldırmış avropalı "müşahidəçi"lər. Onların Azərbaycanla yekun sülhü imzaladıqdan sonra Ermənistanı tərk edəcəyinə indiyədək heç kim təminat verməyib.
Rusiya geosiyasi problemləri ənənəvi hərb yolu ilə çözmə siyasətində dəyişiklik edir - menyuya "yumşaq güc" vasitələri də əlavə olunub. Moskva Ermənistanda hərbi mövcudluqdan da çox, iqtisadi rıçaqları ilə təmsil olunur: qazpaylayıcı infrastrukturdan tutmuş dəmir yolu xətlərinədək. Və təbii ki, son iki ildə Ukraynadakı müharibə hesabına artan və ilin yekununda 14 milyard dollarlıq həddə çatacaq ticarət dövriyyəsi. Paşinyan və Ermənistanın əsl tərəfdaşı Qərbdir, yoxsa Rusiya? Cavabı rəqəmlərdə axtarmaq lazımdır.
Bu fonda dünən Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunan bir mövzu xüsusi simvolik məna kəsb edir. Sergey Lavrov Ararat Mirzoyandan son dövrlərin təzahürü olan "kvadrober"lərin Ermənistanda da olub-olmaması barədə soruşur. "Kvadrober" heyvan libasına bürünüb özlərini müvafiq tərzdə aparan yeniyetmələrə, gənclərə deyilir. Mirzoyanın belə bir halla tanış olduğunu təsdiqləməsi onun Lavrovun eyhamını göydə tutduğunun işarəsidir. Ermənistan Lavrov üçün sadəcə, Rusiyanın Qərb libası geyinib özünü qərbli kimi göstərən forpostu, müasir terminologiya ilə desək, "kvadroberi"dir. Müstəmləkəsi, forpostu, "kvadroberi"…