Paytaxtda uşaqlar onlardan imtina edən atalarını geri qaytarmaq üçün DİLƏNİRLƏR

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində iki uşaq - biri qız, biri oğlan ataları tərəfindən küçəyə atıldığı üçün diləndiyi iddia olunur.

Məsələ ilə bağlı hakimiyyet.az uşaqların anası Leyla Nəcəfəliyeva ilə əlaqə saxlayıb.

Leyla Nəcəfəliyeva bildirib ki, uşaqlar atalarının evə geri qayıtması üçün özləri dilənirlər:

"Yoldaşımla aramızda bankdan borc götürmə məsələləri üzündən söz-söhbət oldu, davalar başladı. Yoldaşım Əkbər bizi atıb anasının yanına gedib və orada qalır, evə gəlmir. Hər səhər oğlumu evdən götürüb, "Vasmoy bazar"ında işlədib mal satdırır, axşam saat 7-də də küçədən yola salır ki, evə qayıtsın. Uşağın da cibində 60-70 qəpik pul olur, aclıqdan yavan çörək alıb yeyir. Mən yoldaşıma deyirəm ki, səhərdən axşama qədər aparıb işlədirsən, heç olmasa uşağa pul ver. Oğlum özü bazarda işlədiyi yerdə hamıya deyib ki, "atam evə qayıtmasa, intihar edəcəyəm". Qızım da, həmçinin eyni sözü deyir. Uşaqlar ataları olmadan evə girmirlər, qorxduqlarını deyirlər. Atası isə borcu olduğunu və imkanı olmadığı üçün evə gələ bilmədiyini söyləyir. Uşaqlar da buna görə küçədə oturub dilənirlər ki, atamız evə gəlmirsə, biz camaatdan pul alıb yemək, kommunal və digər xərcləri ödəyək".

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.

Qurumdan hakimiyyet.az-a verilən cavaba görə, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır:

"Məlumat dərhal aidiyyəti qurumlara ötürülüb. Məsələ ilə bağlı araşdırma aparılır və lazımi tədbirlər görüləcək".

Aygün Mirakif

0.1277391910553