COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb

COP29 Könüllülük Proqramı çərçivəsində qlobal COP29 iqlim konfransına könüllülərin cəlb edilməsi istiqamətində seçimlər yekun mərhələyə çatdırılıb.

hakimiyyet.az xəbər verir ki, COP29 könüllülərinin konfransda iştirakı üçün tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan rol təlimləri mərhələsi yekunlaşdırılıb.

Məlum olduğu kimi, ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının COP29 konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə onlara fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər keçirilib. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi rol təlimlərinə cəlb ediliblər.

Xüsusi rol təlimləri könüllülərin COP29 konfransı zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri ehtiva etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Bu mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış olub, komanda üzvləri ilə görüşüb və COP29 ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırılıblar. Təlim mərhələsinin nəticəsinə uyğun olaraq Əməliyyat Şirkətinin 17 departamentində ümumilikdə 35 istiqamət üzrə çalışacaq 3000 nəfər könüllü seçilib. Sözügedən könüllülər oktyabrın 14-dən etibarən mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar.

3 noyabr tarixindən etibarən isə proqramın yekun mərhələsi olan tədbir məkanı - Bakı Olimpiya Stadionunda könüllülərin iştirakı ilə məkan təlimləri başlayacaq. Bu mərhələdə könüllülər bilavasitə tədbir məkanının infrastrukturu, Mavi və Yaşıl zonalar olmaqla müxtəlif sahələr ilə əyani tanış olacaq, ərazidə müxtəlif funksiyaları təmsil edən könüllülər koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işləyəcəklər.

0.050234794616699