Astarada əri tərəfindən döyülən qadın meşəyə qaçdı

Astara rayonunda 1992-ci il təvəllüdlü Murad ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Faziləyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib.

Kənd sakini Murad qeyri-rəsmi yaşadığı arvadı Fazilənin mübahisə zamanı bədəninin bəzi nahiyələrinə bir neçə dəfə zərbə vurub və müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Murad barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, 10 ilə yaxındır Fazilə ilə qeyri-rəsmi ailə həyatı qurub:

"Hadisə günü, saat 10 radələrində yaşadığım evdə olan zaman həyat yoldaşım ilə şəxsi münasibətlər zəminində aramızda söz mübahisəsi baş verdi. Mübahisə zamanı əsəbiləşərək Fazilənin bədəninin müxtəlif yerlərinə bir neçə şillə zərbəsi endirərək döydüm. Dava-dalaş zamanı orada kənar şəxs olmayıb. Hadisə təxminən 3-5 dəqiqə davam etdi".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, hadisə günü, saat 10 radələrində evdə olan zaman həyat yoldaşı Murad ilə aralarında mübahisə baş verib:

"Mübahisə zamanı mənim və azyaşlı övladımın ünvanına nalayiq ifadələr işlətdiyi üçün ona öz etirazımı bildirdim. Bu zaman Murad üzərimə hücum çəkdi, bədənimin müxtəlif yerlərindən bir neçə şillə zərbəsi endirdi. Daha çox xəsarət yetirəcəyindən qorxaraq, əlindən qaçıb meşənin içi ilə atamın yaşadığı evə getdim. Baş verənlər barədə atamgilə danışdım. atam polisə müraciət etməyimi məsləhət gördü. Mən də polisə müraciət etdim".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Muradın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

1.7884919643402