Gələcəkdə təcili yardımı mobil tətbiq üzərindən çağırmaq mümkün olacaq

"Təcili tibbi yardımın iş prosesinin optimallaşdırılmasında ən vacib istiqamətlərdən biri də çağırış briqadalarının fəaliyyətinin asanlaşdırılmasını təmin etməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyasının pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub. Bu sistemin daşınabilən cihazlar-planşetlər, mobil telefonlar üzərindən istifadə edilir. Belə ki, artıq çağırış briqadalarının həkimləri müvafiq sistem vasitəsilə xəstənin məlumatlarını, tibb müəssisələrində aldığı tibbi xidmətlərin tarixçəsini asanlıqla əldə edəcək, həmçinin çağırış zamanı xəstəyə göstərilən tibbi yardım ilə bağlı zəruri qeydləri sistemə əlavə daxil edəcəklər".

hakimiyyet.az xəbər verir ki, bu fikirləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov deyib.

O qeyd edib ki, bu addım həm daha dəqiq məlumatlar üzərindən işləməyə, həm də çağırışın həyata keçirilməsinə sərf olunan vaxtın azaldılmasına gətirib çıxaracaq:

"Həmçinin 103 Çağrı Mərkəzi ilə briqada arasındakı kommunikasiya bu sistem üzərindən həyata keçiriləcək. Bu sistemin digər bir üstünlüyü ambulans sürücülərinin işini rahatlaşdırmaqdan ibarətdir. Artıq onlar xəstənin olduğu məkan barəsində məlumatı avtomatik koordinatlara əsasən əldə edərək onlara təqdim edilən yol idarəetmə interfeysinin dəstəyi ilə ən tez zamanda xəstənin olduğu məkana çata bilərlər. Yeniliklər arasında çağırışlar zamanı məsafədən tibbi dəstəyin göstərilməsi ilə bağlı da imkanların yaradılması var. Müvafiq yenilik vasitəsilə ehtiyac yaranan hallarda briqada həkimləri 7/24 onlayn rejimdə çalışacaq ixtisaslı həkimlərə sistem üzərindən müraciət edə bilərlər. Biz əminik ki, bu yenilik olduqca effektiv nəticələr verəcək".

Şöbənin rəhbəri vurğulayıb ki, vətəndaşlar E-tabib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaqla yanaşı həmçinin xəstənin vəziyyətini, ərazini və sairə məqamları daha aydın təsvir edə bilmək üçün 103 Çağrı Mərkəzinə səsli və ya videogörüntülü mesajlar göndərə biləcəklər:

"Həmçinin vətəndaşlar ilə daha operativ kommunikasiyanın qurulması üçün çatbot funksionallığının yaradılması planlaşdırılır. Bu funksionallığın köməyi ilə xəstənin özü və ya xəstə yaxınları təcili yardım müraciətini göndərən zaman mobil tətbiqdə yaradılacaq bot suallar vasitəsilə xəstənin cari vəziyyəti barədə olan məlumatı asanlıqla çeşidləyə və 103 Çağrı Mərkəzinə daha optimal informasiyanı göndərə biləcəklər. Həmçinin çağırış yekunlaşanadək Zəng Mərkəzi ilə operativ kommunikasiyanı davam etdirə biləcəklər. Eyni zamanda hər bir vətəndaş üçün çağırış tarixçələrinin əlçatanlığının təmin edilməsi planlaşdırılır. Bu funksionallıq vasitəsilə vətəndaşlar etdikləri bütün təcili yardım çağırışlarının ümumi məlumatları həmçinin onlara göstərilən tibbi xidmətlər ilə tanış ola biləcəklər. Əlavə olaraq xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə vətəndaşlar üçün qiymətləndirmə və rəy bildirmə imkanının təmin edilməsi nəzərdə tutulub. Düşünürük ki, əldə edilən rəylərin detallı analizlərin aparılması gələcəkdə işin keyfiyyətinin artırılmasına önəmli töhfələr verəcək".

Məhərrəm Əliyev

0.064216136932373