Elçin Əmirbəyov: "Biz sülh müqaviləsini Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyirik"

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyada dərc edilən "Berliner Zeitung" qəzetinə müsahibə verib.

hakimiyyet.az xəbər verir ki, Elçin Əmirbəyov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesini, həmçinin Bakı-İrəvan münasibətlərinə dair aktual sualları cavablandırıb.

Ermənistanın Almaniyadakı səfirinin İrəvanın artıq növbəti həftənin bazar ertəsi günü Bakı ilə sülh sazişi imzalamağa hazır olmasına dair bəyanatına münasibət bildirən Elçin Əmirbəyov bildirib ki, o bu bəyanatın səmimiliyinə şübhə edir.

"Günü sabah yarımçıq bir müqaviləni imzalamaq təklifi nəinki real deyil, həmçinin qəbuledilməz və aldadıcıdır. Tərəflər hələlik saziş layihəsinin açıq qalan bir neçə mühüm müddəasını razılaşdıra bilməyiblər, onlar olmadan sənəd xam və natamam olacaq. Sülhə nail olmaq yolunda əsas maneə Ermənistan konstitusiyasında öz əksini tapmış Ermənistan Respublikasının ölkəmizin beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə qarşı ərazi iddialarıdır. Bu mühüm məsələni görməzdən gəlmək otaqdakı fili görməməkdir. Bununla da Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir, guya o, sülh prosesində konstruktiv mövqedə dayanıb. Əslində isə İrəvan vaxtı gecikdirir və sülh prosesini dalana dirəyir. Aydındır ki, Ermənistan Qərbdən, o cümlədən Avropa İttifaqından, ABŞ-dən və Avropa İttifaqının ayrı-ayrı üzv dövlətlərindən qeyri-məhdud miqdarda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirakda bütün marağını itirdi. Deyəsən, artıq sülhə nail olmaq Ermənistan üçün prioritet deyil", - deyə E.Əmirbəyov vurğulayıb.

Nəticənin əldə olunmasını sürətləndirmək məqsədilə tərəflər müvəqqəti olaraq Zəngəzur dəhlizinin açılmasını və Ermənistan konstitusiyasına düzəlişi təxirə sala bilərlərmi sualına cavab verən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki bu iki məsələ davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə fərqlənir:

"Ermənistanın Azərbaycan Respublikasına ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı, birdəfəlik sülhə nail olmaq üçün onu kökündən həll etmək lazımdır. Bu isə Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən mümkün deyil. Konstitusiya indiki formada qalsa, sülh müqaviləsi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan Ermənistan Respublikasının hər hansı yeni rəhbərliyi müqavilənin ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyaya uyğunsuzluğunu əsas gətirərək, onu sadəcə olaraq denonsasiya edəcək. Yəni Azərbaycan sülhü baş nazir Paşinyanla yox, Ermənistanla imzalamaq istəyir".

E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan zaman keçdikcə münaqişənin yenidən alovlanması və yeni faciələrə səbəb olmaması üçün hər hansı hüquqi boşluq saxlaya bilməz. Bu səbəbdən, uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbi aradan qalxmalıdır.

"Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan hələ də onun açılmasına böyük əhəmiyyət verir, lakin onu sülh sazişindən kənara çıxarmağa razılıq verməyin əsas səbəbi bu problemin həll olunmamasından istifadə edərək Azərbaycana qarşı əsassız iddialarla çıxış edən bədxahların bəhanəsini əlindən almağa xidmət edir", - deyə Elçin Əmirbəyov fikrini tamamlayıb.

0.17929697036743