Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Kamal Memişoğlu 20-dən çox uşağın ölümünə səbəb olan cinayətkarlar qrupu ilə bağlı prokurorluğun apardığı araşdırma çərçivəsində 10 klinikanın bağlandığını açıqlayıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.
Onun sözlərinə görə, 22 nəfər həbs edilib və daha çox həbslər mümkündür.
Türkiyədə doğum evləri ilə bağlı qalmaqal bu həftə yerli mətbuatda dərc olunan yazılardan sonra baş verib. Prokurorluq 10 ildən 589 ilədək həbs cəzası gözlənilən 47 nəfərə qarşı ittiham aktını məhkəməyə təqdim edib.
Səhiyyə nazirinin sözlərinə görə, Türkiyə hakimiyyət orqanları doğum evlərində saxtakarlıqla bağlı ilk siqnalı 2023-cü ilin martında alıblar.
"Biz ciddi məxfilik şəraitində çalışdıq, körpələrin klinikalara köçürülməsinin qarşısını almağa çalışdıq. 41 nəfər saxlanıldı, onlardan 22-si həbs olundu, 10 xəstəxana bağlandı", - deyə Memişoğlu bildirib.
Xatırladaq ki, cinayətkarlar müxtəlif bəhanələrlə valideynləri yeni doğulmuş körpələrini özəl klinikalara aparmağa məcbur ediblər və həmin klinikalardan pul alıblar. Həmin tibb müəssisələrində yeni doğulmuş uşaqlara lazımi səviyyədə qayğı göstərilməyib ki, bu da bəzi hallarda uşaqların ölümünə səbəb olub.