2020-ci il oktyabrın 20-si, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin iyirmi dördüncü günü.
hakimiyyet.az xatırladır ki, oktyabrın 19-u gün ərzində və 20-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ordumuz tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, iki ədəd "T-72" tankı, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, bir ədəd "D-30" haubitsa topu və beş ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.
Eyni zamanda, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olur. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilir.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilir.
5-ci dağatıcı alayın müdafiə sahəsində düşmən bölmələri xeyli itki verir. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət "Legion" dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edirlər. Məlum olur ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edirlər.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalır. Şəxsi heyətin üçdəikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilir.
Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilir.
246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilir.
Düşmən saat 17 radələrində Goranboy və Tərtər rayonlarının ərazisini raket-artilleriya atəşinə tutur.
Axşam saatlarında Gəncə istiqamətində, bir qədər sonra isə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilir.
Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bölmələri məhv edilir.
Oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdiyimizi bildirir:
Vətən müharibəsinin 24-cü günü: Zəngilan şəhəri və 24 kənd azadlığına qovuşur
"Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir".
Prezident, həmçinin, "X" sosial şəbəkəsində paylaşımlar edərək dörd rayonun kəndlərinin, eləcə də Zəngilan şəhərinin işğaldan azad olunduğunun müjdəsini bir daha xalqla bölüşür:
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli,
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Beləliklə, Vətən müharibəsinin 24-cü günündə dörd rayonun ümumilikdə 25 yaşayış məntəqəsi azadlığına qovuşur.