ABŞ-də baş verən heyrətamiz hadisə, hətta təcrübəli polisləri belə təəccübləndirib. Belə ki, yeddi nəfərdən ibarət bir qrup oğurluq məqsədilə fərdi evə daxil olub, lakin orada 71 yaşlı sahibin mumiyalaşmış cəsədini tapıblar. Cinayət yerindən qaçmaq əvəzinə, oğrular mumiya ilə birlikdə evdə yaşamağa qərar veriblər.
hakimiyyet.az-ın WSBTV-yə istinadla verdiyi məlumata görə, hadisə Corciya ştatında qeydə alınıb.
İlkin məlumatlara görə, tək yaşayan ev sahibi yayın əvvəlində vəfat edib və onun cəsədi bir neçə ay qalaraq mumiyaya çevrilib. Dəhşətli tapıntını aşkar edən cinayətkarlar isə özlərini itirməyiblər, onlar varidatı qarət etməkdən əlavə bir neçə müddət evdə yaşamağa qərar veriblər. Mərhumun pullarına çıxış əldə etmək üçün onun kredit kartlarından, çeklərindən də istifadə etməyə başlayıblar.
İşin üstü polislər yoxlama üçün gələndə aşkar edilib. Onlar qapıda qırılma izlərini və ev sahibinin mumiyalaşmış cəsədini aşkar ediblər.
"O, vanna otağında tapıldı və evdə yalnız bir vanna otağı var idi", - deyə Kobb dairəsi polis idarəsinin detektivi Daniel Qoduto qeyd edib. Görünür, oğrular mumiya ilə qonşuluqdan çəkinməyiblər və bir müddət evdə rahat yaşayıblar.
Polis araşdırmalara başlayıb və tezliklə yeddi şübhəlinin hamısı saxlanılıb.