Yük maşını sürücüsü tərəzidə aldadıldığını deyir, BDYPİ isə iddianı RƏDD edir

Yük avtomobilinin sürücüsü apardığı yükə görə tərəzidə aldadıldığını iddia edib.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Vətəndaş bildirir ki, bu gün səhər saatlarında yük avtomobillərini çəkmək üçün nəzərdə tutulan tərəzidə ona 600 manat cərimə yazılıb.

"Bu, mənim əlimdə olan qanuni qəbzim, bu da onların tərəzisi", - deyə vətəndaş bildirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev hakimiyyet.az-a açıqlamasında bildirib ki, sözügedən cərimənin tətbiqində hər hansı bir qanunsuzluq halı mövcud deyil.

"İnzibati tənbehvermə haqqında çıxarılan elektron cərimə qanunamüvafiqdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, artıq respublikanın avtomobil yollarında yükdaşıma qaydalarının pozulması halları müasir texnologiyalar tətbiq edilməklə aşkar edilir və bununla bağlı yerindəcə elektron qərar çıxarılır.

Bu isə o deməkdir ki, artıq İnzibati Xətalar Məcəlləsinin (İXM) 353-cü maddəsində nəzərdə tutulmuş xətalar, yəni iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri - en üzrə 0.15 metr və daha artıq, uzunluq üzrə 0.20 metr və daha artıq, hündürlük üzrə 0.20 metr və daha artıq pozmaqla, eləcə də çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini beş faiz və daha artıq aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi və yüklənməsi halları sözügedən elektron tərəzilər vasitəsilə aşkarlanarsa, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vahid Monitorinq Mərkəzinin məlumatı əsasında fiziki, vəzifəli və hüquqi şəxslər barəsində elektron qərarlar çıxarılır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələblər pozulmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz, bu hal il ərzində təkrar törədildikdə - dörd yüz, icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə edilməsi hallarında isə altı yüz, il ərzində təkrar törədildikdə isə min iki yüz manat məbləğində cərimə edilirlər.

Həmçinin, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə vəzifəli şəxslər min beş yüz, hüquqi şəxslər - dörd min, bu hal il ərzində təkrar törədildikdə isə müvafiq olaraq, iki min beş yüz manat və yeddi min manat məbləğində cərimə edilirlər.

Baş Dövlət Yol Polisi İdarəsi sözügedən yeni texnologiyanın tətbiqinin yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədlərinə xidmət etdiyini vurğulamaqla yanaşı, bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək, onları istismar etdikləri avtonəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini qanunvericilikdə nəzərdə tutulmuş normalara uyğunluğunu təmin etməyə çağırır", - deyə M.Ağayev bildirib.

Əzizə İsmayılova

0.055027008056641