Qız qalası ətrafında səkiləri zəbt edən sürücülər və NƏZARƏTSİZLİK

Bakı şəhərində tez-tez rast gəlinən problemlərdən biri də avtomobillərin səkilərdə park olunmasıdır.

hakimiyyet.az xəbər verir ki, şəhərin tam mərkəzində, Qız qalasının qarşısında piyadaların rahat hərəkəti üçün nəzərdə tutulan geniş səkini taksi sürücülərinin zəbt etməsi sosial şəbəkədə müzakirə mövzusu olub.

Qeyd olunub ki, şəhər sakinləri və turistlər həmin avtomobillərin arasından çətinliklə keçib getməli olurlar.

"Neçə illərdir ki, vəziyyət belədir və bu barədə bir tədbir görən yoxdur", - deyə şikayətçi yazıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə piyadaların hərəkətinə mane olan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Qeyd etmək istərdim ki, BŞDYP əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Lakin təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, yenə də bəzi sürücülər səkilərdə nəqliyyat vasitələrini saxlayaraq piyadaların hərəkətinə maneə yaradırlar. Belə hal aşkarlandığı təqdirdə həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı, 60 manat cərimə məbləği tətbiq olunur.

Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək", - deyə T.Nəsirli vurğulayıb.

Əzizə İsmayılova

0.084313869476318