Bakının bəzi küçələrində sürücülər üçün tətbiq olunan məhdudiyyət aradan qaldırıldı

COP29 konfransına hazırlıq prosesi çərçivəsində 3 noyabr tarixində növbəti nəqliyyatın idarə olunması üzrə monitorinqlər aparılıb.

Bu barədə hakimiyyet.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd olunub ki, COP29 konfransı keçiriləcək tarixlər ərzində şəhər nəqliyyat proseslərinin səmərəli təşkilinin təmin edilməsi məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən monitorinqlər saat 11:00-da başlayaraq saat 13:10-dək davam edib.

Monitorinqlər əsasən paytaxtın Heydər Əliyev prospekti Zuğulba yolu, Nərimanov, Xətai, Tbilisi, İnşaatçılar və Neftçilər prospektləri, eləcə də, Teymur Elçin, Niyazi, Yusif Səfərov, Mehdi Hüseyn, Dənizkənarı, Zərifə Əliyeva, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Bakıxanov küçələri, həmçinin qismən İstiqlaliyyət küçəsini əhatə edib, sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər tətbiq edilib.

Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsöndürmə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilib.

Bu gün Bakıda saat 11:00-dan 14:00-dək nəqliyyat monitorinqi keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, bu barədə Bakıda nəqliyyatın idarə olunması planı və bu istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə COP29 nəqliyyat planının təqdimatına dair keçirilən dünənki brifinqdə məlumat verilib.

Məlumata əsasən, nəqliyyat monitorinqi bu gün - 3 noyabr tarixində saat 11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək. Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.

Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək.

Yolların bağlanması ilə əlaqədar, hərəkət sxemləri dəyişdirilən avtobus marşrutlarının siyahısını təqdim edirik:

Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə "Ulduz" metro stansiyasınadək;

Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut avtobusları "Elmlər Akademiyası" metro stansiyasınadək;

Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə;

Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;

"Dərnəgül" metro stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət göstərən marşrut avtobusu Balaxanı yolu ilə;

"Dərnəgül" metro stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal yaşayış massivindən 7 saylı "ASAN Xidmət" mərkəzinə fəaliyyət göstərən marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev küçələri ilə hərəkət edəcək.

Bundan başqa COP29 konfransının baş tutacağı məkanları istiqamətində nəqliyyat hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq, sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.

Son dayanacaq məntəqəsi dəyişdirilən müntəzəm avtobus marşrutları aşağıdakılardır:

"Nəriman Nərimanov" metro stansiyası, 7-ci və 9-cu mikrorayondan şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi "28 May" metro stansiyasının yaxınlığı;

Əhmədli qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi ("8-ci kilometr" bazarı), Sabunçu qəsəbəsi (68 nömrəli məktəb) ərazilərdən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi "Xətai" metro stansiyası;

Zabrat qəsəbəsi "Kərpic zavod" və "Yeni məhəllə" adlanan ərazilərdə, həmçinin 71 nömrəli məktəbin yaxınlığında fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası;

Ramana - Yeni yaşayış kompleksi (Ramana qəsəbəsi, 163 nömrəli marşrut), Suraxanı qəsəbəsi və Ramana qəsəbəsi ("Şuşa şəhərciyi" adlanan ərazi) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ("Piramida" tərəf, dəmiryol stansiyası);

Pirşağı qəsəbəsi, Pirşağı bağlarında və Savalan yaşayış massivində (197 nömrəli marşrut) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqələri Zabrat dairəsi;

Hövsan qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi "Həzi Aslanov" metro stansiyası;

Günəşli qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Ramiz Quliyev küçəsi (Radiozavod, "Bravo" market);

Şüvəlan və Qala qəsəbələrindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi "Əhmədli" metro stansiyası;

Binə qəsəbəsindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusu Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi "Həzi Aslanov" metro stansiyası;

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi "Gənclik" Nəqliyyat Mübadilə Mərkəzi;

"AzərSu" Tikinti Xəstəxanasından Sabunçu qəsəbəsi istiqamətində fəaliyyət göstərən marşrutun başlanğıc dayanacaq məntəqəsi "AzərSu" Tikinti Xəstəxanası, son dayanacaq məntəqəsi isə "Neftçilər" metro stansiyası;

Cəmşid Naxçıvanski adına hərbi liseydən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Yavər Əliyev küçəsi (Bakıxanov qəsəbəsi);

Sahil qəsəbəsindən "Sahil" metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzi (Lökbatan dairəsi);

Keşlə qəsəbəsindən Qara Qarayev prospekti ilə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrutun son dayanacaq məntəqəsi Azər Manafov küçəsi ("Qara Qarayev" metro stansiyası) təyin edilib.

Qeyd edək ki, müvəqqəti dəyişikliklər xarici ölkə liderlərinin, iqlim dəyişikliyi üzrə ekspertlərin və mütəxəssislərin iştirak edəcəyi COP29 zamanı şəhərdə ictimai nəqliyyatın hərəkətində gecikmələrin qarşısını almağa və piyadaların təhlükəsizliyini artırmağa kömək edəcək.

0.045046091079712