KİŞİLİK ƏN YÜKSƏK VƏZİFƏDİR, ƏQİDƏN DƏYİŞMƏSƏ, ÖLƏNƏCƏN KİŞİSƏN

Bəlkə belə deyil?! Yüzlərlə, minlərlə fakt insanın üzünə dirənir, sandığı açır, pambığı tökür. Ümumiyyətlə, mən həyatı dərk etdiyim andan bu günədək kişi olduğumla qürurlanmışam və bu əvəzolunmaz bəxşişə görə Ulu Tanrım qarşısında səcdə etmişəm. Nə var nakişi kimi yaşamağa, əgər buna yaşamaq demək mümkünsə. Əslində, nəslində sanbal olmayan birisi alaq otunun kökləri üstə bitən alaqdan savayı nə ola bilər?!

Cəmiyyətdə də belədir. Məmur toplumunu süzgəcdən keçirəndə bu həyat fəlsəfəsinin Tanrı tərəfindən möhürləndiyinin bir daha şahidi olursan. Xalq arasında belə bir deyim var: "İnsanın xislətini öyrənmək üçün ona irili-xırdalı bir vəzifə ver; kor atı minib köndələn çapanları da görəcəyik, andına xəyanət etməyənləri də."

Ulu Öndər Heydər Əliyev Azərbaycanın ən çətin anında hakimiyyətə gətiriləndən sonra müdrik el ağsaqqalı ciddi kadr dəyişikliklərinə start verdi, xalqın qanını soranları, rüşvətxorları, korrupsionerləri işdən kənarlaşdırdı, Vətən üçün canından keçməyə hazır olanları yüksək vəzifələrə təyin etdi. Bir müddət sonra isə xalq arasında narazılıqların azalması əvəzinə artdığının şahidi olarkən o, Nazirlər Kabinetinin yığıncağında təəssüf hissi ilə dedi: “Biz insanlara vəzifə veririk ki, gedib xalqa canla-başla xidmət etsinlər, dövlətlə xalq arasında yaranan uçurumu aradan qaldırsınlar, onlar isə həmin uçurumu daha da dərinləşdirirlər.”

Bu, elə bir keçid dövrü idi ki, hakimiyyətin yuxarı eşalonunda olanların hansı məzhəbə qulluq etdiklərini, hansı xislətə sahib olduqlarını açıq-aydın görmək, yaxud sezmək mümkün deyildi. Xalq məsəlinə görə, qardaşını belə tanımaq üçün ona vəzifə ver. Bütün bunlar Surət Hüseynov, Əlikram Hümbətov, Rövşən Cavadov kimi vətən xainlərinin ölkədə yaratmaq istədikləri xaotik mühit ərəfəsində baş verirdi. Ancaq zəngin həyat və idarəçilik təcrübəsi olan Heydər Əliyev bu situasiyada soyuqqanlılıq nümayiş etdirərək mühüm addımlar atmaqla mərhələli şəkildə ölkədə sabitliyi bərpa etdi. Ancaq bütün mütərəqqi addımlara baxmayaraq, ölkədə korrupsiyanın və rüşvətxorluğun qarşısını tam almaq mümkün olmadı.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyev dünyasını qəfil dəyişəndən sonra hakimiyyətə gələn siyasi varis İlham Əliyev həmin strategiyanı davam etdirməklə bərabər kadr islahatlarına da start verdi. Yeni kadrlar ümidləri qismən doğrultsa da, rüşvətxorluğun və korrupsiyanın kökü tam kəsilmədi. Belə olan halda İlham Əliyevin məlum sərəncamı ilə “Vahid Pəncərə” sistemi yaradıldı. Bu addım rüşvətxorluğun qarşısını almalı idi, ancaq gözlənilən effekt alınmadı. Azərbaycan Prezidenti İlham Əliyevin növbəti sərəncamı ilə Administrasiya yanında “Korrupsiyaya Qarşı Mübarizə” komissiyası, eyni zamanda Baş Prokurorluq nəzdində “Korrupsiyaya Qarşı Mübarizə İdarəsi” yaradıldı. Çoxlu rüşvətxor və korrupsioner layiqli cavabını alsa da, ölkə rəhbəri bu nəticə ilə də qane olmadı və nəhayət, dünyada analoqu olmayan bir qurumun yaradılması ilə bağlı sərəncam imzaladı. Bu, sözün tam mənasında Azərbaycan xalqının arzu və istəklərinin təminatçısı sayılan “ASAN Xidmət” idi. Artıq insanlar rahat nəfəs almağa başladılar və idarə və təşkilatlarda baş verə biləcək süründürməçiliyin qurbanı olmadılar. Bu addım, İlham Əliyevin korrupsiyaya və rüşvətxorluğa qarşı apardığı məqsədyönlü mübarizə strategiyasının ən uğurlu səhifəsi oldu. Bu gün bütün dünya ölkəmizdə fəaliyyət göstərən “ASAN Xidmət”in fəaliyyət prinsiplərini öyrənir.

Azərbaycan xalqının sevimli lideri statusunu qazanan Prezident İlham Əliyev daha yeni mübarizə üsulları axtarmağa başladı və nəhayət, 2015-ci ildə bütün dövlət qurumlarının fəaliyyətinə xalqın özünün nəzarət etməsinin vacibliyini düşündü və İctimai Nəzarət Konsepsiyasını ortaya qoydu. Bu, növbəti analoqu olmayan bir addım idi və onun icrası ölkədə fəaliyyət göstərən QHT-lər tərəfindən təmin olunmalı idi. Həmin vaxt mən Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, eyni zamanda Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri idim. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti mərhum xalq şairi Söhrab Tahir idi. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının biz QHT rəhbərləri qarşısında qoyduğu bu mühüm vəzifəni biz öz təşkilatımızda müzakirə etdik və qərar verildi ki, bu iki qurumun təsisçiliyi ilə “İctimai Nəzarət Koalisiyası” platformasını yaradaq. Belə də etdik və çox keçmədi ki, koalisiya ətrafında ölkədə fəaliyyət göstərən QHT-lər və mətbu orqanlar birləşdi. Üzvlərimizin sayı qısa zamanda kifayət qədər artdı və demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə etdi. Koalisiya çoxlu sayda xalq artistlərinin, şair və yazıçılarının müzakirə məkanına çevrildi. Hədəfimiz təbii olaraq ölkə rəhbərinin çağırışına uyğun olaraq dövlət qurumlarında korrupsiyaya və rüşvətxorluğa son qoyulmasına nail olmaq idi. Bunun üçün koalisiya nəzdində departamentlər yaradıldı və hər departamentə öz işinin öhdəsindən layiqincə gəlməyə qadir olan könüllülərdən ibarət mütəxəssislər cəlb olundu. Kimliyindən asılı olmayaraq biz ölkə rəhbərinin irəli sürdüyü konsepsiyaya uyğun olaraq bütün rüşvətxor məmurları ifşa etməyə başladıq. Acınacaqlı hal isə ondan ibarət idi ki, koalisiya komandası olaraq biz öz işimizi layiqincə yerinə yetirdikcə, xüsusilə yuxarı məmur toplumunda düşmənlərimiz artmağa başladı. Müxtəlif vaxtlarda təqib və təxribatlarla üzləşsək də, haqq işimizə “stop” demədik, çünki biz dünyaca qüdrət sahibi olan liderimiz İlham Əliyevin qarşımızda qoyduğu mühüm vəzifəni icra edirdik. Mən əqidəsini heç bir təzyiq altında dəyişməyə qadir olmayan birisi olduğum üçün bütün təzyiqlərə baxmayaraq, kişiliyə layiq mövqedə dayanmışam. Bu ağır missiyanı yerinə yetirməyə başladıqda, təqib olunacağımı, şərlənəcəyimi, hətta həbs olunacağımı da göz önünə almışdım. Gözlədiklərimi də yaşadım, amma kişi kimi yaşadım. Üç il “sakini” olduğum N saylı təcridxanada belə, İctimai Nəzarətçi missiyamı dondurmadım, dövlətimin və Prezident İlham Əliyevin etimadını həyatımın ən çətin anlarında belə doğrultmağa çalışdım və bunu etməkdə davam edirəm.

ULU TANRI DÖVLƏTİMİZİ QORUSUN!
ULU TANRI DÜNYACA LİDER PREZİDENTİMİZ İLHAM ƏLİYEVİ QORUSUN!
ULU TANRI BÜTÜN TÜRK DÜNYASINI QORUSUN!

Rasim Məmmədov
“İctimai Nəzarət Koalisiyası”nın sədri

1.2026250362396