Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşısında halı pisləşən talassemiya xəstəsinə yardım edən olmayıb.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, talassemiya xəstəsi olan uşağın halının ağırlaşmağına baxmayaraq, içəridən heç bir həkim çıxıb ona yardım etməyib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov hakimiyyet.az-a açıqlamasında bildirdi ki, sosial şəbəkədə yayılan görüntülərdə Mərkəzi Tibbi-Sosial Ekspertiza Komissiyasının inzibati binasının qarşısında huşunu itirən Qəbələ rayon sakini, əlilliyi olan Cabbarova Ülkər Elnur qızına tibbi yardım göstərilmədiyi barədə məlumat həqiqətə uyğun deyil.
"Hazırda əlillik statusunda olan Ülkər Cabbarova noyabrın 7-də Komissiyada ailəsinin müraciətinə əsasən yenidən müayinə olunub. Müayinədən çıxarkən həyətdə halı pisləşib, ona Mərkəzin həkimləri tərəfindən müvafiq müdaxilələr edilib, eyni zamanda, Təcili Tibbi Yardım Mərkəzinə məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Ülkər Cabbarovaya zəruri tibbi yardım göstərilib, vətəndaşın hazırkı vəziyyəti stabil olaraq qiymətləndirilib.
Məlumat üçün bildirək ki, Ülkər Cabbarovanın 2017-ci ildən əlillik statusu var və aylıq olaraq əlilliyə görə sosial ödənişlərlə təmin edilir. Vətəndaşın əlilliyinin gücləndirilməsi məqsədilə müraciətinə də baxılaraq. Ona Talessemiya mərkəzinə müayinə üçün göndəriş verilib", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova