2020-ci il noyabrın səkkizi, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü.
hakimiyyet.az xatırladır ki, noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutur.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.
Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olur, mülki infrastruktura ziyan dəyir.
Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı olur. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd "T-72" tankı, iki ədəd "D-20" topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri və Şəhidlər xiyabanına gəlirlər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edir, möhtəşəm xəbəri çatdırır:
"Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Vətən müharibəsinin 43-cü günü: Qarabağın baş tacı Şuşa azad edilir
Azərbaycan Prezidenti müjdəni "X" sosial şəbəkəsində də bölüşür:
"8 noyabr Şanlı Qələbə Günü kimi əbədi tarixə düşəcək. Biz Şuşaya qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Gözün aydın olsun, Azərbaycan!"
"ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!"
Cəbhədə isə döyüşlər davam edir. Saat 14 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin "Su-25" həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılır, yüksəkvəzifəli şəxsləri məhv edilir.
Azğın düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür, Xocavənd istiqamətində düşmənə zərbələr endirilir. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçır.
Beləliklə, müharibənin qırx üçüncü günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.