İtaliya və Vatikan mediası COP29-u diqqət mərkəzində saxlayır

İtaliyanın və Vatikanın aparıcı mətbu orqanları Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) diqqət mərkəzində saxlamaqda davam edir.

AZƏRTAC xəbər verir ki, ANSA, "Rai", AGI, "La Repubblica", "Sky TG24", "il Giornale", "Qui Finanza", "il Dolomiti", "Italia Oggi", "il Sole 24 ore", "il Fatto Quotidiano", "AgenSIR", "Roma Sette", "Green and Blue", "Faro di Roma" kimi saytların yaydığı materiallarda İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakıda COP29 Liderlər Sammitindəki çıxışında səsləndirdiyi, eyni zamanda, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin Sammit iştirakçılarına ünvanlandığı müraciətindəki fikirlərə yer verilib.

Yazılarda Ciorcia Meloninin Azərbaycanı sülh naminə iqlim təşəbbüsünün bir hissəsi kimi qiymətləndirilən COP29-un Prezidenti kimi görməkdən məmnunluğunu ifadə etdiyi bildirilib. Baş nazir İtaliyanın təkcə bərpaolunan mənbələrə deyil, həm də təbii qaz, bioyanacaq, hidrogen və karbonun tutulması və saxlanmasına diqqət yetirdiyini qeyd etdiyi vurğulanıb. Ciorcia Meloni COP29-da yeni iqlim maliyyəsi hədəfini qəbul etməyin əhəmiyyətini bildirib.

Materiallarda Papa Fransiskin əsas iqlim sammiti olan COP29-un auditoriyasına müraciətində ölkələri yeni maliyyə arxitekturası həyata keçirməyə çağırdığı qeyd olunub. Pontifik COP29-un həqiqətən inklüziv inkişafa gətirib çıxaran iddialı razılaşma yaradacağına ümidvar olduğunu vurğulayıb.

Roma Papası bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə əlavə gecikmələrə yol verilmir və ətraf mühitin mühafizəsi sülhün qorunması ilə sıx bağlıdır. Deyib ki, bu sammit ən aktual vəzifələrdən biri olan iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd ortaya çıxara bilər: "Ümumi, lakin fərqləndirilmiş məsuliyyətlər və müvafiq imkanlar prinsipi COP29-un işini istiqamətləndirir və ruhlandırır".

0.047646045684814