“Biznesmen-məmurlar bunun üçün “Azərpoçt”dan istifadə edirlər…” - "Azərpoçt"la bağlı ilginc iddialar

Ötən ilin aprel ayında “Azərpoçt” MMC-nin rəhbərliyində edilən dəyişiklikdən sonra bu qurumun ətrafında baş verən neqativ hallarla bağlı çoxsaylı şikayətlər eşidilməyə başlandı. Son iş yeri 2015-2018-ci illərdə qalmaqallı Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə filialında idarə heyətinin sədri vəzifəsi olan Emin Əfəndiyevin adı “Azərpoçt”a baş direktor təyin ediləndən sonra kütləvi ixtisarlar, çoxlu sayda insanın işsiz qoyulmasından tutmuş iş yerlərinin, ştatların pulla satılmasına, hətta quruma aid poçt şöbələrinin belə satışına qədər bir çox qanunsuzluqlarda hallandırılıb.

“Azərpoçt”a yaxın mənbədən “AzPolitika”ya daxil olan daha bir məlumatda isə sözügedən qurumun rəhbərliyinin “çirkli pullar”ın yuyulmasında iştirak etdiyi bildirilir. Qeyd olunur ki, “Azərpoçt”un əsasən keçmiş bank mütəxəssislərindən ibarət yeni rəhbərliyi şəbəkələşmiş şəkildə külli miqdarda vəsaitlərin ölkədən çıxarılaraq xarici banklarda açılmış hesablara köçürülməsində iştirak edir.

Qurumun 1500-dən artıq şöbəsində Mərkəzi Bankın lisenziyası əsasında ənənəvi poçt xidmətlərilə yanaşı maliyyə xidmətləri də göstərildiyini xatırladan mənbə qeyd edir ki, burada həm ölkədaxili, həm də beynəlxalq pul köçürmələri sistemi fəaliyyət göstərir. Lakin bu maliyyə işində qeyri-qanuni, saxta yollarla sənədləşmə, çirkli pulların yuyulması və s. halların mövcud olduğuna dair əsaslı şübhələr var: “Azərbaycanda son illərdə bankların fəaliyyətinin zəiflədiyi dönəmdə bankir, biznesmen elitasının bəzi nümayəndələri “Azərpoçt” MMC-nin idarəetmə strukturundakı rəhbər vəzifələrə təyin olundular. Hansı ki, onların keçmişi şəffaf deyil, işlədikləri banklarda ciddi qanunsuzluqalara yol verdiklərinə dair ittihamlar var. Bu səbəbdən onların illərdir ki, daimi müştərilərinə çevirilmiş iri biznesmen-məmurların çirkli pullarını yumaq və başqa vasitələrlə mənfəət əldə etmələri üçün “Azərpoçt”dan istifadə etdiklərini istisna etmək olmaz”.

“Azərpoçt”un rəhbərliyinə gətirilən bank işçilərinin poçt sisteminə heç bir aidiyyatının olmadığını bildirən mənbə, onların bir çoxunun adlarını da sadalayır: “ATA Bank”dan bankir İltifat Ağayev, “ATA Sığorta”dan Müseyib Əliyev , tanınmış biznesmen Eldar Dadaşovun qardaşı, “Buta lizing”in rəhbər şəxlərindən olan Məmməd Dadaşov, “Azər Türk-Bank”dan Nüşabə Gözəlova və s.”

Mənbə çirkli pulların yuyulması mexanizmindən də söz aşır: “Proses belədir: qanunsuz yollarla əldə olunmuş pullar yenilənmiş sistem üzərindən xarici dövlətlərdə yerləşən bankların hesablarına köçürülür və oradan biznes yatırımlarına çevrilərək leqal pul görüntüsünü əldə edirlər. “Azərpoçt” üzərinən qurulan sxem əsasında real sövdələşmələr saxta sövdələşmələrlə əvəz olunur, sənədlər saxtalaşdırılır. Eyni zamanda, 3-cü şəxslərin sənədlərindən istifadə edilir…”

Mənbə xaricə böyük məbləğdə pul köçürmələrində Maliyyə Departamentinin direktoru Müseyib Əliyevin və bir zamanlar “ATA Bank”ın Müşahidə Şurasının sədri olmuş İltifat Ağayevin də rolunun olduğunu ehtimal edir: “İltifat Ağayevin xaricdə müxtəlif şirkətlər və banklarla əlaqəsi mövcuddur. Təbii ki, hazırda onun da “müştəriləri” “Azərpoçt”a müraciət edirlər. Həmçinin, baş direktor Emin Əfəndiyev qurumun Poçt Əməliyyatları Departamentinin direktoru Məmməd Dadaşovla və Fərid Həşimovla bərabər tez-tez xarici ölkələrə səfər edir. Hətta Əfəndiyev M.Dadaşovun biznesmen qardaşı Eldar Dadaşovla xaricdə tez-tez görüşürlər keçirir. Ona görə ki, ikincinin bir çox xarici ölkələrdə şirkətləri var…”

Mənbə bildirir ki, bu məlumatlar “Azərpoçt”dakı durumun yalnız görünən tərəflərini əhatə edir və ətraflı araşdırma aparılacağı təqdirdə, daha konkret faktlar, qanunsuzluqlar aşkarlana bilər.

Daha bir iddia isə “Azərpoçt” rəhbəri Emin Əfəndiyevin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə qohumluq əlaqələri və işbirliyi haqdadır. Mənbə bu informasiyanın ciddi araşdırma tələb etdiyini bildirir./“AzPolitika.in

fo”/

 

0.045086860656738