“NAZİR KORRUPSİYAYA İCAZƏ VERİB, PAYINI ALIB...” – “Deputat 100 milyonlarla vəsait ələ keçirib”

Ötən həftə Mədəniyyət Nazirliyində keçirilən əməliyyat zamanı üzə çıxanlar onu da təsdiq edir ki, digər nazirliklərdə də- hansılarda ki, böyük büdcə vəsaitləri ixtiyarlarına verilir- daha geniş oğurluqlar, “otkat”lar var.

Artıq mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunublar. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir. DTX-nın yaydığı videogörüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyir.

Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək “mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib”.

Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib. Rafiq Bayramov rayonlarda müəyyən cari təmir işləri üçün ayrılan 1 milyon 500 min puldan təxminən 150 minini mənimsədiklərini gizlətmir.

Maraqlıdır ki, Mədəniyyət Nazirliyindəki antikorrupsiya əməliyyatının videosu ortada ikən nazir Əbülfəs Qarayev vəzifəsində qalmaqda israr edir. Müavini və idarə rəisinin ifadələrindən isə belə aydın olur ki, onun inadkarlığı yersizdir, baş verənlər onun “xeyir-duası” olmadan gerçəkləşə bilməzdi. Belə iddialar da var ki, Əbülfəs Qarayev hazırki durumda çıxış yolu axtarır, onun MDB ölkələrindən birinə səfir təyinatı üçün yollar axtarır.

Digər bir məlumatda isə qeyd olunur ki, Əbülfəs Qarayevin inadkarlığı müavini və idarə rəisinin onun əleyhinə verdikləri ifadələrdə daha kəskin mövqeyə yol açıb. Özlərini müdafiə etmək üçün tutulan nazirliyin rəsmiləri onun əleyhinə olan olduqca ciddi faktları açıqlayıblar. Hər ötən gün istintaqda Əbülfəs Qarayevin əleyhinə daha çox material toplanır. Belə bir halda Əbülfəs Qarayevin “fəxri sürgün”ə, Afrika ölkələrindən birinə belə səfir göndərilməsi də sual altına düşə bilər.

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a deyib ki, İlham Əliyevin başlatdığı antikorrupsiya əməliyyatlarına cəmiyyət, müxalifət ciddi şəkildə dəstək verməlidir: “Bu gün Azərbaycanda korrupsioner olmayan məmur demək olar ki, yoxdur. Korrupsiya şəraitini yaradan nədir? İcra başçısı oğlunu korrupsiya ilə mübarizə idarəsinə yerləşdirir, o biri oğlunu təhlükəsizlik sahəsinə saldıra bilir, məhkəməyə hakim keçirir. Belə olmaz. Beləliklə korrupsioner məmurlarla korrupsiya ilə mübarizə aparmalı olan vəzifə sahibləri ilə yaxın əlaqələr yaranır, qohumluq əlaqələrinə qədər gedib çıxır.

Dövlət nəzarəti gücləndirilməli, prezident inspeksiyası bərpa olunmalıdır. Korrupsiya cinayətləri ilə bağlı cəzalar gücləndirilməlidir. Vəzifəyə təyinat alanlar mütləq şəkildə, qeyd-şərtsiz mül-mülkləri haqda hesabat verməlidirlər. Doğru məlumat verməyənlər dərhal cəzalandırılmalı, gizlətdikləri əmlakları dövlət nəfinə müsadirə edilməlidir. Ilham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənməli, bu tədbirlərin genişlənməsi və dərinləşməsi üçün addımlar atılmaldır.

Mədəniyyət Nazirliyində nazirin müavininini, vaxtilə köməkçisi olmuş Rafiq Bayramovun əməlləri üzə çıxıb. O, çox nəhəng miqdarda korrupsiyada ittiham olunur. Bu adamlar nəhəng korrupsiyaya qurşanıb Azərbaycan mədəniyyətinə ziyan vurublarsa, burada Əbülfəs Qarayevdən başqa məsuliyyət daşımalı ikinci bir şəxs yoxdur. Sən nazirsən, sən həmin korrupsiyadan payını alıbsan. Bu boyda korrupsiya cinayəti ifşa olunub, nazirə isə cəza verilmir. Əvvəla, hər hansı bir nazirlikdə müavinlər, idarə rəisləri korrupsiyaya qurşanıbsa, demək, nazir bundan pay alıb.

Sənədlərə Əbülfəs Qarayev imza atıb, şəxsən o pulların mənimsənilməsinə icazə verib, əvəzində pay alıb. Əgər pay almırsa, deməli, rəhbərlik edə bilmir, rəhbərlik etdiyi təşkilata nəzarət edə bilmir. Hər iki halda işdən çıxarılmalıdır. İcra başçılarının korrupsiya cinayətlərinə görə dövlət nəzarətini həyata keçirən orqanlar cavab verməlidir.

Bu cür əməliyyat digər nazirliklərdə, komitələrdə də keçirilməlidir. Milyardlarla yeyintilər var dövlət qurumlarında. Büdcədən oğurlanan pulların geri qaytarılması istiqamətində dövlət proqramı həyata keçirilməlidir. Bu gün məmurların oğurladığı pulların dövlət büdcəsinə qaytarılması, ölkədən qaçırdıqları, xaricdə saxladıqları pullar geri alınmalıdır. Tenderlərlə bağlı məsələlər çox cidd şəkildə yoxlanılmalı, ən sərt tədbirlər görülməlidir. Bu gün Azərbaycanda korrupsiyanın çiçəklənməsində parlamentin, parlamentdə az əvvələ qədər oturan deputatların fəaliyyəti araşdırılmaldır. Korrupsionerlərin əksəriyyəti, onların müdafiəçiləri uzun müddət parlamentdə oturublar.

Deputatların böyük əksəriyyəti deputatlıq fəaliyyəti ilə bir araya sığmayan fəaliyyətlə məşğul olublar. Təkcə Elmira Axundova deputat olandan sonra 40-a yaxın müəssisəyə sahib olub, 100 milyonlarla vəsait ələ keçirib. Haradan alıb bu qədər pulu?

Deputat maaşı ilə qazanıb? Təbii ki, bu varidat korrupsiya yolu ilə əldə olunub. Respublika Prokurorluğu Elmira Axundova ilə bağlı cinayət işi başlamalıdır. Mətbuatda onun cinayətləri ilə bağlı materiallar var, qaldırsınlar, araşdırsınlar.

Bu adamlar mandatından sipər kimi, özünü qoruma vasitəsi kimi istifadə ediblər, tenderlərdə iştirak ediblər, əllərinə keçəni mal-mülklərinə qatıblar. Bu gün korrupsioner istehsal edən konsepsiyadan imtina olunub. Azərbaycan müxalifəti bu məsələdə İlham Əliyevin yanında olmalıdır. Əks halda, bu proses yarımçıq qalacaq". teref.az

0.046724081039429