Son günlərdə pediatr Aytən İsmayılzadənin sosial şəbəkələrdə süni qidalarla bağlı paylaşmaları bir çox pediatrların narazılığına səbəb olub. Belə ki, pediatr bəzi xəstəxanaların adlarını çəkərək bildirib ki, sözügedən özəl klinikaların həkimləri yeni doğulan körpələrin reseptinə, dərman kimi süni uşaq qidaları yazır və onların gələcəyini zəhərləyir. Pediatrın paylaşımına isə adı çəkilən həkimlər etiraz edərək bildiriblər ki, vaxtilə Aytən İsmayılovanın özü süni uşaq qidasının reklamı ilə məşğul olub və onların adını çəkməsi də reklam xarakterlidir.
Maraqlıdır, yeni doğulan uşaqlara yazılan həkim reseptinə süni qidaların da bir dərman kimi yazılması nə dərəcədə doğrudur?
Xeberfakt.az xəbər verir ki, mövzu ilə bağlı "Lent.az"ın suallarını cavablayan məşhur pediatr Sara Mansurova bildirib ki, uşaqların ana südü ilə qidalanması vacibdir:
“Süni qidalar təhlükəli deyil, yalnız ana südü olan yerdə süni qida vermək düzgün deyil. Yeni doğulmuş körpə üçün ananın südünün əvəzi yoxdur. Ana südündə olan vitamin və minerallar süni qidada yoxdur. Düzdür bəzi vitamin və mineralları süni qidaya əlavə edirlər ki, ana südünə yaxınlaşsın, amma bioloji cəhətdən heç cür ana südünü əvəz edə bilməz. Çünki ana südünün tərkibində olan bir çox vitaminlər və mikroblara qarşı bioloji aktiv maddələr var ki, süni yeməklər bunu əvəz edə bilməz. Mən də heç bir səbəb olmadan uşağa süni qida verilməsinin əleyhinəyəm”.
Həkim vurğulayıb ki, yalnız bəzi hallarda uşağa süni qida verilməsi məcburidir:
“Belə ki, doğuşun ilk günlərində elə olur ki, ana südü uşağı doydurmaq üçün lazımı qədər olmur. Bu zaman uşaq ac qalmasın deyə ona əlavə qida verilməsini tövsiyə edirik. Bir də istisna hallar var ki, bu zaman uşağa ana südü vermək olmaz. Məsələn, anada şiş varsa, açıq formada vərəm daşıyıcısıdırsa, süd vəzləri ifraz etmir və s. Bəzi hallarda uşağın ac qalmamağı üçün süni qida vermək vacibdir”.
Həkim onu da qeyd edib ki, inək südü, keçi südü və digər südləri uşağa verməkdənsə, süni qida vermək məsləhətdir:
“Südünü aldığımız heyvanın sağlam yaxud xəstə olduğunu bilmirik. Amma mediada yayılan məlumatlardan da məlumdur ki, indi bir çox heyvanlarda xəstəliklər aşkarlanır. Bundan başqa, inək südü içən uşaqlarda alergik xəstəliklər daha çox olur. İnəyin südündə zülallar böyükdür onlara qarşı antitellər, alergik reaksiyalar yaranır. Amma süni qidalarda həmin zülallar xırdalanır. Ona görə də sağlamlığından əmin olmadığımız heyvanın südünü verməkdənsə, süni qidalar vermək daha yaxşıdır. Dediyim kimi yalnız ananın övladına süd vermək imkanı yoxdursa o zaman süni qida vermək məsləhətdir.
Mövzu ilə bağlı Aytən İsmayılova ilə də əlaqə saxladıq.
A. İsmayılova isə bildirib ki, klinikalarda açıq-aşkar süni qida bazarı təşkil edilib:
“Mənim yazılarımı reytinqə və ya başqa yerə yozan həkimlərin işlərində ciddi qüsurlar var. Bu qalmaqalı yaradan nenatoloqlardır və bir də Səhiyyə Nazirliyinin nəznində olan nenatoloq komissiyasının üzvləridir. Narahatdırlar. Guya mən onların işinin nəticəsi yoxmuş kimi təqdim edirəm. Amma reallıq budur ki, onlar firmalarla işləyir və pulun müqabilində uşaqlara süni yeməklər təklif edirlər. Həmin xəstəxanalrın adlarını da çəkə bilərəm. Yəni hansısa bir firma adlarını çəkdiyim xəstəxananın həkimlərinə təklif edir ki, mən sənə bu qədər pul verirəm və bu pulun müqabilində doğum evində olan uşaqların valideynlərinə bizim yeməyi təklif et. Klinika bildirir ki, başqa firma sizdən daha çox pul təklif edib. Bu zaman firma da onlara daha cazibəli təklif irəli sürür ki, mən sənin işlədiyin xəstəxananın digər problemlərini də qarşılayaram, işçilərinə maaş verərəm və hər ay banka sənin hesabına 30 manata qədər pul qoyaram və s. Beləcə digər süni uşaq qidasını sıxışdırıb çıxarır və özü daxil olur. Süni uşaq qidasının klinikalara daxil olmasına səbəb puldur. Əvvəllər 2 manat təklif olunurdusa, indi hər pasientə görə 20-30 manat təklif edirlər. Birdə ki, əvvəllər nenatoloqların uşaq yeməyini reseptə yazmırdılar. İndi isə uşaqlara süni qidanın adını reseptə yazıb verirlər. Yaxın günlərdə həmin klininkanın həkimlərinin adlarını və əlimdə olan reseptin fotosunu paylaşacam. Qoy utansınlar əməllərindən ki, uşaq doğulan gündən süni qarışıq təklif edirlər. Uşaqların mədə bağırsağının normal inkişafı üçün ana südü verilməlidir. Süni qidanın fəsadlarını firmalar da, biz pediatrlar da yaxşı bilirik. Mən gündəlik süni qidaların yaratdığı fəsadları ilə rastlaşıram. Buna görə də hər dəfə reseptlərə uşaqların ilk doğulduğu gündən süni qidalar verilməsinə qarşı çıxıram və indi bu mübarizədəyəm. Buna davam edəcəm, o vaxta kimi ki, onlar bu əməllərindən utanıb geri çəkiləcəklər. Düşünürəm ki, bunların əməllərinə qarşı dövlət müdaxilə edəcək. Bununla bağlı lazımı yerlərə müraciət etmişəm və zərərçəkmiş valideynlərin imzası olan məktub göndərmişəm. Hazırda xəstəxanalarda açıq süni qida bazarı var və bunun qarşısını yalnız dövlət müdaxiləsi olarsa, alına bilər. Çünki ana nə qədər maarifli olsa da doğum evlərində uşaq doğulan kimi ona süni qida verirlər. Anadan soruşulmur ki, bu qidanı sənin uşağına verək və ya verməyək? Onların bu əməlləri həm günahdır, həm də cinayətdir”.
Qeyd edək ki, ötən gün mövzu ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir.
Bunu olduqca aşağı rəqəm sayan H.Harmancı bildirib ki, körpələrin ana südü ilə qidalandırılması faizinin artması üçün addımlar atılmalıdır.