Zakir Fərəcovun borclu olduğu şəxslərin SİYAHISI AÇIQLANDI –FOTO

Ötən günlərdə xəbər vermişdik ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovla şirkətlərdən biri arasında ciddi problem yaranıb. JAMAZ.İNFO xəbər verir ki, həmin problemə səbəb isə görülən işlərin müqabilində “A.V.Conctruction” şirkətə çatacaq 8 milyon manata yaxın vəsaitin 3 ildən çoxdur ki, verilməməsidir.  

Bu barədə şirkətdən verilən məlumatda deyilirdi ki, Sumqayıt İcra Hakimiyyəti ilə qanun əsasında müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən Sumqayıt şəhərinin giriş hissəsi və Bulvarının tikintisi üçün 12 milyon manat vəsait ayrılıb. 1 il müddətinə görülməli olacaq işlər isə 6 ay içində təhvil verilib. Hətta Bakıdan gələn komissiya işlərin keyfiyyət və dizaynına müsbət rəy verib. İşlər görülən ərəfədə şirkətə cəmi 4 milyon manata yaxın pul ödənilib ki, bu da tələb olunan vəsaitin və görülən işlərin smetasının heç 1/3 də etmir.

Şirkətdən JAMAZ.İNFO-ya bildirirlər ki, ödənilməyən vəsait təkcə mal və materialın deyil, həmçinin işlərin görülməsində müstəsna zəhməti olan fəhlə və işçilərin puludur. “Biz şirkət olaraq o qədər vəsaiti ödəmək gücündə deyilik. Bunu bizimlə işləyən şəxslər də yaxşı bilirlər. Məsələ ilə bağlı dəfələrlə Zakir Fərəcovla görüşmək istəmişik. İlk başda pulu verəcəyini bildirsə də, ondan sonra boyun qaçırmağa başladı. Hətta bir dəfə də iddia etdi ki, guya, Prezident Admnistrasiyası ona pul vermir. Bu adam başdan ayağa yalançıdır. Biz şirkət olaraq ondan haqqımız olanı istəyirik. Zəhmət çəksin, gətirib pulu versin”.

Onlar qeyd edirlər ki, pullarını ala bilməyən fəhlələr də narahatdırlar. Belə ki, onlar həmin vəsaitin Zakir Fərəcov tərəfindən verilməli olduğunu bilirlər. “Hətta bir dəfə yığışıb onunla görüşmək istədilər. Söz verdi ki, tez zamanda fəhlələri qəbul edəcək. Amma qəbul otağına tapşırıq vermişdi ki, fəhlələr gələrsə, onları uzaqlaşdırsınlar. İndiyə qədər də fəhlələr onun qəbuluna düşə bilmirlər”.

O da bildirilir ki, Zakir Fərəcovun borclu olduğu fəhlə və işçilər öz haqlarını tələb etmək üçün etirazlarını bildirməyə hazırlaşırlar. Belə ki, onlar aksiya keçirmələri üçün müvafiq yerin ayrılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi qərarlaşdırıblar. Yaxın günlərdə rəsmi müraciət edərək, etiraz aksiyalarını keçirəcəklər. Şirkətdən deyirlər: “Biz fəhlələri 3 il sakitləşdirə bildik. Ümid edirdik ki, Zakir Fərəcov pulu gətirib verəcək və bununla da mübahisə həll olunacaq. Lakin nə pul verilib, nə də fəhlə və işçilərin haqqı ödənilməyib. Belə olan təqdirdə onların etiraz etmələrinə qarşı da çıxa bilmirik. Onlar öz qanuni haqlarını tələb edirlər”.

“A.V.Conctruction” şirkəti bu əsnada Sumqayıtın icra başçısı Zakir Fərəcovun ödəməli olduğu pulların hara xərcləndiyini təsdiq edən rəsmi sənədləri JAMAZ.İNFO-ya təqdim edib. Belə ki, həmin sənədlərdə Sumqayıtda görülən işlərin həcmi, nə qədər vəsait xərcləndiyi, Sumqayıt İcra Hakimiyyəti tərəfindən ödənilmiş məbləğin həcmi və digər detallar əks olunub. Qeyd edək ki, həmin sənədlərdən də aydın şəkildə görünür ki, Sumqayıtın icra başçısı “A.V.Conctruction” şirkətinə cəmi 8.69 milyon manat borcu var. Şirkətdən bildirirlər ki, onlar hələlik məsələnin danışıqlar yolu ilə həllinə çalışırlar. “Biz hələlik məsələnin danışıq yolu ilə həllinə nail olmaq istəyirik. Ümid edirik ki, Zakir Fərəcov bizim münasibətimizi müsbət qəbul edib, borcu ödəyəcək. Əks təqdirdə, bir şirkət olaraq qanuni hüquqlarımızdan istifadə edəcək, zəruri sənədləri məhkəmə və hüquq-mühafizə orqanlarına təqdim edəcəyik. Çünki başqa çarəmiz qalmayıb”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun başçısı Zakir Fərəcovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Lakin buna rəğmən, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

0.045149803161621