Könül İbrahimova: “Azərbaycan Pakistan münasibətləri inkişaf etməkdədir.”

Azərbaycan Pakistan münasibətləri inkişaf etməkdədir.

Bu sözləri “Korrupsiya.az” informasiya agentliyinə Könül İbrahimova bildirib.

Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bir daha bu məqamın üzərində dayanıb. O deyib: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik.
Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətt üzrə davam edir. Bu, hərbi sahədən tutmuş energetika, iqtisadiyyat, mədəniyyət, siyasət də daxil olmaqla bütün istiqamətlərdə müşahidə edilir. Bu əlaqələr təkcə dövlətlər yox, həm də xalqlar arasında güclənir.

Təsadüfi deyil ki, Azərbaycan xalqı Pakistana olan münasibətini bu ölkənin bayrağının müxtəlif yerlərə asmaqla nümayiş etdirir. Hətta Azərbaycan və Türkiyə qardaşlığına Pakistanın da qoşulması, iki qardaşın müttəfiqliyinə üçüncü qardaşın da daxil olması perspektivi aydın görünür. Bütün bunlar Azərbaycan və Pakistanın bir-birinin haqq işini dəstəkləməsindən qaynaqlanır. Pakistanın Azərbaycan üçün əhəmiyyəti təkcə ikitərəfli münasibətlərə deyil, həm də 30 ilə yaxın müddətdə üzləşdiyimiz işğala qarşı mübarizəmizə verdiyi dəstəyə də əsaslanır.

Pakistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan ölkədir. Bunu nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı unutmur. Bu yanaşma Pakistanın İslam dünyasına verdiyi önəmin də bariz nümunəsidir. Bildiyimiz kimi, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdir. Bu siyasət müsəlman dünyasının maraqlarına, İslama verilən dəyərdən irəli gəlir.


Təəssüf ki, İslam adına iddia edən İranın timsalında bunun tam əksini görürük. İran İslam ölkəsi olduğunu iddia edir, amma İslam düşməni olan Ermənistana verdiyi dəstəklə, hətta “qardaşlıq” etməsi ilə, yumşaq desək, yalan danışdığını nümayiş etdirir. Bununla həm də təsdiq olunur ki, İran İslamdan yalnız öz maraqları üçün istifadə edib.


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan isə yürütdükləri siyasətlə İslam dininə, İslam dünyasına necə dəyər verildiyinin nümunəsini yaradıb. Bu baxımdan Pakistan Azərbaycan üçün həmişə minnətdarlıqla yad edilən ölkədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ardınca Pakistanın Baş nazirinin də Azərbaycana gəlməsi Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığının daha da güclənəcəyi və Avrasiyada həlledici rola malik olacağı gözləntisini artırır. Üç ölkə həm yerləşdikləri coğrafiya, həm malik olduqları potensial və beynəlxalq siyasətdə nüfuz baxımından bölgədə seçilir. Hər üç ölkənin yaratdığı müttəfiqlik oxu Avrasiyanın istər nəqliyyat xətlərinə nəzarətə, istərsə də siyasi proseslərə təsir etməyə imkan verir. Əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Türkiyə-Azərbaycan-Pakistan ittifaqı özünü bölgədə daha güclü şəkildə göstərəcək.

Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri

0.39735198020935