"Həmin an göz yaşlarımı saxlaya bilmədim” - Video

Xəbər verdiyimiz kimi, iyulun 4-ü Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Ölkəmizdə olan zəlzələ qardaş Türkiyədə bu ilin fevral ayında baş verən zəlzələni yenidən gündəmə gətirib.

“Hakimiyyet.az” xəbər verir ki, Türkiyədə yaşanan dəhşətli zəlzələ zamanı orada olan və 20 gün aktiv şəkildə yardım kampaniyasında iştirak edən tanınmış bloqer, teleaparıcı Ramal İsayev AZXEBER.COM-a həmin zaman yaşadığı dəhşət haqda danışıb:

“Türkiyədə dəhşətli zəlzələnin yaşandığı zaman orada təhsil alırdım. Dərhal İstanbuldan bilet alıb həm media nümayəndəsi, həm də bloqer olaraq zəlzələ bölgəsinə yollandım. Şanlıurfa, Kahramanmaraşdan canlı bağlantılar edirdim. Hatayda, Qaziantepdə zəlzələ olan bütün bölgələrdə oldum. Mənim təşkilatçılığım və dostlarımın köməyi ilə öz maddi gücümüz hesabına insanlara yardım etdik. Dağıntılar altından çıxarılmış ailələri tapıb, ərzaq dağıdırdıq. Mən 20 günə yaxın orda qaldım. Bu günlər ərzində eyni paltarda maşında yatmışam. Yenidən dağıntı riskinin olduğuna görə ərazidən uzaqlaşdırıldıq. Ancaq yenə də əlimizdən gələni etməyə çalışırdıq.

Bloqer zəlzələdən sonra gördükləri haqda da danışıb:

"Orada olan vəziyyətə, meyitlərin yol ortasında qalmasına, dağıntılar altında qalan uşaqların, yaşlıların valideynlərin ağlamasına gözümüzlə şahid olduq.  Şahid olduq ki, insanlar yuyulmadan dəfn olunur. Yaşanan şeylər çox ağır idi. Azərbaycan Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları heç düşünmədən, təhlükəni gözə almadan dağıntıların içinə girdilər.

Orada heç unutmayacağım bir hadisə yaşadım. Əngəlli bacısını dağıntılar altından çıxarmaq istəyən şəxs mənə  “Azərbaycandan gəlmisən, siz bizim qardaşımızsız mənə kömək edin” deməsi oldu. Göz yaşlarımı saxlaya bilmədim”

Ramal İsayev dünən Azərbaycanda yaşanan zəlzələdən sonra yenidən həmin günləri xatırladığını bildirib: 

Dünən zəlzələdən sonra insanların çölə axışmağı gözümün önünə Türkiyədəki o dəhşətləri gətirdi. Evləri dağılmış insanlar küçələrdə gecələyirdi. Dağıntılar altından çıxanlar öz yaxınlarını axtarırdı. Dünən hər kəsin küçəyə axışması görüntülər mənə çox ağır gəldi. Bizdə də belə şey ola bilərmi deyə stress və qorxu keçirdim. Rəsmi qurumlar qorxulu nəsə yoxdur desə də, səhərə qədər yata bilməmişəm. Şükür Allaha ki, salamatçılıq oldu".

O zəlzələ anında təşvişə düşməyin böyük faciələr gətirə biləcəyini də deyib:

"Türkiyədə ən çox həyatını itirənlər təşvişə düşüb, heç nə edə bilməyənlər oldu. Zəlzələ anında çölə çıxmaq daha məsləhətlidir. Liftə minmək olmaz Çünki, dəmirdən çıxarılmaq mümkün deyil.

Türkiyədə günlər sonra Allahın möcüzəsi sayəsində ailəsi ilə birlikdə bir uşaq çıxarıldı. Türkiyədə də zəlzələ olanda insanlar düşünmüşdülər ki, keçici olacaq. Zəlzələ səhərə yaxın hər kəs yatarkən olmuşdu. Bu səbəbdən də insan itkisi  çox oldu. Düşünürəm ki, zəlzələ qaydalarına riayət etməklə xəsarətlərdən qorunmaq olar”.

 
 
 
0.064723968505859