Texniki baxış zamanı nəqliyyat vasitələrində ən çox rast gəlinən problem hansıdır? - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sürücülərin avtomobil yollarında təhlükəsiz hərəkəti üçün önəmli məqamlardan biri sürücü məsuliyyətidirsə, ondan da önəmlisi nəqliyyat vasitəsinin saz vəziyyətdə olmasıdır.

Necə ki, insan sağlamlıq durumu ilə bağlı müəyyən müddətdən bir həkim müayinəsindən keçməlidir, eləcə də nəqliyyat vasitəsi istismara yararlı olması ilə bağlı müvafiq müddətdən bir texniki baxışdan keçirilməlidir.

hakimiyyet.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Zabratda yerləşən Texniki Baxış və Müayinə Mərkəzindən hazırladığı reportajı təqdim edir.

Əvvəlcə onu qeyd edək ki, Texniki Baxış və Müayinə Mərkəzi Zabratda yerləşir və 24 saat sürücülərin xidmətindədir. Amma tək burada yerləşən deyil, bütün Texniki Baxış və Müayinə Mərkəzləri 24 saat fəaliyyət göstərir. Bu da sürücülərin nəqliyyat vasitələrini daha rahat, gecikmədən lazımi müayinələrdən keçirməsinə hər cür şərait yaradır.

Tez-tez yollarda nasaz nəqliyyat vasitələri görürük. Bu da yollarda istər günün birinci yarısı, istərsə də ikinci yarısı pik saatlarda tıxacların yaranmasına səbəb olur.

Bəs texniki baxış zamanı nəqliyyat vasitələrində ən çox rast gəlinən problem nədir?

Zabratda yerləşən Texniki Baxış və Müayinə Mərkəzinin Baş Dövlət Avtomobil Müfəttişi polisi mayoru Kamal Əhmədli deyir ki, texniki baxışa gələn nəqliyyat vasitələrinin böyük əksəriyyətində qarşılaşdığımız problem əyləc sistemlərindəki nasazlıq olur:

“Texniki Baxış və Müayinə Mərkəzindən 12 buraxılış qapısında sürücülərə xidmət edir. Hər buraxılış qapısından eyni anda 4 nəqliyyat vasitəsinin baxışı həyat keçirilir. İlk növbədə nəqliyyat vasitəsi buraxılış məntəqəsinə daxil olarkən yanğınsöndürən, tibb çantası və qəza dayanma nişanı ilə təchiz edilməlidir. Bütün bunlar Nazirlər Kabinetinin müvafiq qaydasına uyğun yerli-yerində olmalıdır. Yanğınsöndürən vasitə minik avtomobili üçün 2 litr, yük avtomobillərində isə 4 litr olmalıdır.

Müayinə xəttinə girən avtomobildə işlənmiş qazların xaricetmə sisteminin qaydasında olması yoxlanılır. Daha sonra nəqliyyat vasitəsinin faralarının texniki tələblərə uyğunluğu yoxlanılır. Bu, günün qaranlıq saatlarında hərəkətdə olarkən sürücünün yolu daha rahat görməsi, nəqliyyat vasitəsini müvafiq zolaq üzrə təhlükəsiz idarəetməsinə kömək edir.

Əksər hallarda sürücülər nəqliyyat vasitələrini texniki baxışa gətirəndə avtomobilin xarici hissələrinin zədəli formada olması, təkər şinlərinin, əyləc sistemlərinin nazas olması qeydə alınır. Ban hissələrinin zədəli olması yoxlanılır, mühərrik, şassi nömrələrinə baxılır, texniki şəhadətnamə ilə eyniləşdirilir. Əgər nömrələr fərqlidirsə, o avtomobil dərhal uzaqlaşdırılır”.

Polis mayoru Kamal Əhmədli onu da qeyd edib ki, bir neçə dəfə texniki baxış zamanı əyləc şlanqının cırıldığı aşkarlanıb:

“Bu hallar çox risklidir. Biz bunu aşkarlamasaq, sürücü bilməyəcəkdi və yollarda bədbəxt hadisə baş verə bilərdi. Bütün yoxlamalar tamamlandıqdan sonra yekunda nəqliyyat vasitəsinin vəziyyətinin istismara yararlı olub-olmadığı barədə rəy yazılır”.

Daha sonra sürücülər müvafiq olaraq aidiyyəti üzrə pəncərələrə yaxınlaşaraq sənədlərini götürürlər.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev isə qeyd edir ki, atılan bütün addımlar sürücü məmnuniyyətinin təmin edilməsi üçündür:

“Artıq bir neçə müddətdir ki, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Baxış və Müayinə Mərkəzində ilin 365 günü, günün 24 saatı fasiləsiz iş rejimi tətbiq edilir. Nəqliyyat vasitəsini texniki baxışa gətirmək istəyən bütün sürücülər qeyd edilən ərazilərə yaxınlaşa bilərlər.

Texniki Baxış və Müayinə Mərkəzlərinin 24 saat fəaliyyətinin təmin edilməsində əsas məqsədlərdən biri paytaxt yollarında tıxacların qarşısının alınmasıdır. İnsanlar işdən çıxarkən avtomobili texniki baxışa ehtiyacı olan sürücülər bir istiqamətdə - Zabrata doğru yol alırdılar. Texniki Baxış Mərkəzləri əvvəllər saat 18:00-a qədər işləyirdi. Ona görə də Texniki Baxış Mərkəzinə gedən istiqamətdə uzun tıxaclar yaranırdı. Amma artıq bu problem də aradan qalxıb”.

Qeyd edək ki, texniki baxış mərkəzlərində əməkdaş və sürücü arasında təması minimuma endirmək məqsədilə xüsusi dörd ədəd kabinə quraşdırılıb. Bu kabinələrin məqsədi texniki baxış prosesinin əməkdaşlarla sürücülərin bir-biri ilə yaxın təmas olmadan həyata keçirilməsidir.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

0.08035683631897